HƏMAS-ın silahlı qanadı olan İzzəddin əl-Qəssam Briqadaları Qəzza zolağının cənubundakı Xan Yunis şəhərində yerləşən İsrail qüvvələrinə qarşı pusqu hücumu təşkil edib. Onlar İsrail ordusuna məxsus iki zirehli texnikanı hədəfə alıblar.

"AzPolitika"nın məlumatına görə, hücum nəticəsində biri zabit olmaqla, ümumilikdə 7 israilli hərbçi həyatını itirib.

Qəssam Briqadaları tərəfindən hücum anı videoya çəkilərək sosial mediada yayımlanıb. Briqadanın Telegram kanalında yayılan kadrlarda Maan bölgəsində, Əli bin Əbi Talib məscidi yaxınlığında yerləşən iki zirehli maşına edilən hücum aydın görünür. Görüntülərdə döyüşçülərin maşınlara yaxınlaşaraq onların üst lyuklarına partlayıcı maddələr atdığı və ardınca baş verən güclü partlayışlar əks olunur.

Qəssam Briqadalarının yaydığı açıqlamada bildirilir ki, hücum nəticəsində maşınlardan biri tamamilə məhv olub, digərində isə ciddi insan itkisi qeydə alınıb.

İsrail Müdafiə Qüvvələrinin verdiyi rəsmi məlumata əsasən, həlak olan hərbçilər 605-ci Mühəndislik Batalyonunun üzvləri olub.