“Rusiyanın Yekaterinburq şəhərində güc strukturlarının hücumuna məruz qalaraq xəsarətlər yetirilmiş şəxslərdən biri artıq Azərbaycana qayıdıb”.
Bu barədə Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Nemət Əvəzov mətbuat konfransında bildirib.
O, işgəncəyə məruz qalmış Azərbaycan vətəndaşının ekspertizadan keçirildiyini və açılmış cinayət işi üzrə ifadəsinin alındığını əlavə edib.
Nemət Əvəzov qeyd edib ki, Azərbaycanlıların saxlanılmasına səbəb göstərilən cinayət işləri üzrə rəsmi Bakıda hansısa hüquqi yardım istənilməyib.
Onun sözlərinə görə, azərbaycanlıların işgəncəyə məruz qalmasına 2001, 2010 və 2011-ci ildəki hadisələr səbəb göstərilib: "Söhbət üç cinayət işindən - ölümə cəhd hadisəsi və digər hadisələrlə bağlıdır. Həmin hadisələrin heç biri üzrə Azərbaycanın hüquq-mühafizə orqanlarına hər hansı hüquqi yardım üçün müraciət olunmayıb".
Qeyd edək ki, Azərbaycan vətəndaşlarının və Azərbaycan əsilli şəxslərin Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən işgəncələrə məruz qoyulmaqla iki nəfərin xüsusi amansızlıqla qəsdən öldürülməsi faktı üzrə Azərbaycan baş prokuroru tərəfindən cinayət işi başlanıb.

Şərhlər