Rusiya Prezidenti Vladimir Putin ilə ABŞ lideri Donald Tramp arasında keçirilən telefon danışığı zamanı bir sıra tarixi və geosiyasi məsələlər müzakirə olunub. 

Bu barədə "The Telegraph" nəşri Rusiya dövlət mediasına istinadla məlumat yayıb.

Prezidentin köməkçisi Yuri Uşakovun sözlərinə görə, Putin söhbət zamanı qeyd edib ki, "Rusiya Amerika dövlətçiliyinin formalaşmasında əhəmiyyətli rol oynayıb — həm 250 il əvvəlki Müstəqillik müharibəsində, həm də 160 il əvvəlki Vətəndaş müharibəsi dövründə".

Putin həmçinin Trampa bildirib ki, Rusiya və ABŞ yalnız Birinci və İkinci Dünya müharibələrində müttəfiq olmayıblar və onları “daha dərin tarixi köklər” birləşdirir.

Nəşr qeyd edir ki, Trampın bu bəyanatlara reaksiyası məlum deyil.

Təxminən bir saat davam edən telefon danışığında əsas diqqət Ukraynadakı müharibə və Yaxın Şərqdəki vəziyyətə yönəlib. Məlumata görə, Putin Trampa Ukraynadakı məqsədlərindən geri çəkilməyəcəyini bildirib. Bununla yanaşı, o, Ukrayna ilə danışıqları davam etdirməyə hazır olduğunu da vurğulayıb.

"AzPolitika.info"