Politoloq Elxan Şahinoğlu bildirib ki, Çin Xarici İşlər naziri Van İnin Avropa İttifaqı ölkələrinə səfəri Pekinin geosiyasi strategiyalarını və Qərblə münasibətlərini aydın şəkildə ortaya qoyur. Onun sözlərinə görə, Van İ Brüsseldən başlanan Avropa turunda əsas diqqəti iqtisadi əməkdaşlığın genişləndirilməsinə və Rusiya - Ukrayna müharibəsinə yönəldib.
Politoloq qeyd edib ki, Pekin Avropa İttifaqı ilə iqtisadi əlaqələri genişləndirmək niyyətində olsa da, Brüssel və Vaşinqton Çin məhsullarının Qərb bazarlarında dominant mövqeyindən narahatdır.
Elxan Şahinoğlunun sözlərinə görə, Van İ Avropalı həmkarları ilə görüşlərində Rusiya - Ukrayna müharibəsinin dayandırılması ilə bağlı Pekinə edilən çağırışlara açıq cavab verib. “Çinli nazir açıq şəkildə bildirib ki, Pekin Rusiyanın müharibədə məğlubiyyətini istəmir,” – deyə politoloq vurğulayıb.
Onun fikrincə, Van İ bu mövqeyini Çin üçün ABŞ təhlükəsinin artması ilə izah edib: “Əgər Rusiya Ukraynada məğlub olsa, ABŞ bütün diqqətini Çinə yönəldəcək. Bu isə Pekin üçün arzuolunmaz ssenaridir.”
Elxan Şahinoğlu bildirib ki, Çinin belə hesablaması, müharibənin uzanmasının Pekinin geosiyasi maraqlarına xidmət etdiyini göstərir. Bununla yanaşı, Çin rəsmisi Avropa rəsmilərini inandırmağa çalışıb ki, Pekin Rusiyaya hərbi-texniki dəstək göstərmir. “Əgər Çin Rusiyaya hərbi yardım etsəydi, Kreml çoxdan qalib gələrdi,” – deyə Van İ iddia edib.
Lakin politoloq bu açıqlamaların Avropada ciddi qəbul olunmayacağını düşünür. “Çinin birbaşa hərbi texnika göndərdiyi sübut edilməsə də, onun texnoloji dəstək verdiyinə dair ciddi şübhələr var,” – deyə Şahinoğlu qeyd edib.
Politoloqun fikrincə, bu diplomatik fon çərçivəsində Vaşinqtonda QUAD (ABŞ, Hindistan, Avstraliya və Yaponiya) ölkələrinin xarici işlər nazirləri arasında keçirilən görüş də əhəmiyyətli məqam kimi diqqət çəkir. Görüşdə Çinlə bağlı narahatlıqlar müzakirə olunub, xüsusilə də Pekinin bölgədə artan hərbi gücü və mineral resurslara nəzarəti ilə bağlı siyasətinə qarşı tədbirlər planı hazırlanıb.
“Nazirlər qəbul etdikləri ortaq bəyanatda mineral resursların tədarük zəncirinin təhlükəsizliyi və diversifikasiyası üzrə əməkdaşlıq təşəbbüsünü açıqlayıblar,” – deyə Elxan Şahinoğlu əlavə edib.
O qeyd edib ki, Donald Tramp administrasiyası da diqqətini yalnız Rusiya və Yaxın Şərqə yox, Asiyaya da yönəltməkdədir. ABŞ dövlət katibi Marko Rubionun Asiyanın önə çıxması ilə bağlı fikirləri və Prezident Trampın ilin sonuna qədər QUAD ölkələrinə səfər planlaşdırması, Vaşinqtonun Çinlə geosiyasi qarşıdurmaya hazırlaşdığını göstərir.
"AzPolitika.info"

Şərhlər