Rusiya Xarici İşlər nazirinin müavini Mixail Qaluzin Ermənistanın Rusiyadakı səfiri Qurgen Arsenyanla görüşündə Ermənistanın informasiya mühitinə açıq mesaj göndərib. Rəsmi Moskvanın yaydığı məlumata görə, görüş zamanı “Ermənistanda Rusiya və ikitərəfli münasibətlər ətrafında konstruktiv informasiya mühitinin qorunmasının vacibliyi” vurğulanıb.
Qaluzin bildirib ki, bu kontekstdə Rusiya tərəfi Ermənistanla ikitərəfli formatda məsləhətləşmələrin yeni mərhələsinin keçirilməsini təklif edib və bu təklif təsdiqlənib.
Rusiya XİN-in yaydığı məlumatda qeyd olunur ki, görüşdə ikitərəfli və regional gündəlikdə olan bir sıra məsələlər müzakirə olunub. Eyni zamanda yaxın vaxtlarda keçiriləcək Rusiya-Ermənistan təmaslarının qrafiki dəqiqləşdirilib.
Lakin görüşün konkret detalları və ya tərəflərin müzakirə etdiyi mövzular açıqlanmayıb.
Son aylar Moskva Ermənistan mediasında və siyasi dairələrdə Rusiya əleyhinə ritorikanın artmasından narahatlığını açıq şəkildə ifadə edir. Xüsusilə Ermənistan hökumətinin Qərbə inteqrasiya siyasəti fonunda Rusiya tərəfi Ermənistan cəmiyyətindəki anti-Rusiya ovqatını “idarə edilməli” bir problem kimi gündəmdə saxlayır.
Qaluzinin səsləndirdiyi “konstruktiv informasiya mühiti” çağırışı da bu narahatlığın diplomatik formada ifadəsidir.
"AzPolitika.info”


Şərhlər