Suriya ilə sərhəd xəttində davam edən meşə yanğını Türkiyədə ciddi narahatlıq yaradıb.
"AzPolitika" Türkiyə mətbuatına istinadla xəbər verir ki, Hatay Böyükşəhər Bələdiyyəsi yanğının Türkiyə ərazisinə keçməməsi üçün fövqəladə hazırlıq vəziyyətinə keçib və bölgədə gücləndirilmiş tədbirlər həyata keçirir.
Yanğın Suriyanın Lazkiyə şəhərində başlayıb və artıq bir neçə gündür ki, nəzarət altına alına bilmir. Alovların yavaş-yavaş Hatay sərhədinə yaxınlaşması səbəbilə Hatay Böyükşəhər Bələdiyyəsinə bağlı yanğınsöndürənlər genişmiqyaslı söndürmə əməliyyatlarını davam etdirir.
Qeyd olunur ki, Hatay Böyükşəhər Bələdiyyəsi tərəfindən bölgəyə əlavə texnika, avadanlıq, təminat və insan qüvvəsi göndərilib. Hazırda bölgəyə 3 yanğınsöndürən təyyarə və 4 helikopterlə havadan və qurudan müdaxilə edilir. Sərhəd xəttində yerləşən Kepir, Fırınlık, Havışlık, Burrak və Türkmeneli bölgələrində 84 texnika və 398 nəfərlik personal yanğının Hataya keçməsinin qarşısını almaq üçün səfərbər olunub.
Yanğının nəzarət altına alınıb-alınmaması ilə bağlı hələlik rəsmi məlumat açıqlanmayıb. Hazırda bölgədə təhlükəsizlik tədbirləri artırılıb və vəziyyət yaxından izlənilir.
"AzPolitika.info"


Şərhlər