Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin Kommunikasiya İdarəsinin rəisi Yuri İqnat bu gecə Rusiyanın Ukraynaya qarşı rekord sayda hava hücumu həyata keçirdiyini bildirib.
Onun sözlərinə görə, ümumilikdə 741 hava hücumu vasitəsi, o cümlədən 300-dən çox “Şahed” kamikadze dronu istifadə olunub.
İqnat qeyd edib ki, bu qədər böyük rəqəm Ukrayna əhalisində narahatlıq doğursa da, bunların hamısı “Şahed” deyil:“Şahed”lərin sayı 300-dən bir qədər çoxdur və onların böyük hissəsi hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib".
İqnat həmçinin bildirib ki, bu dəfə hava hücumundan müdafiə sistemləri kifayət qədər uğurla işləyib, lakin “Kinzal” tipli aerobalistik raketlərdən az da olsa nəticələr qeydə alınıb:“Onların hamısı hədəflərinə çatmasa da, müəyyən dağıntılar var”.
Hücumlar əsasən Rusiya ərazisindən – Bryansk, Kursk, Orlov vilayətləri, həmçinin Saratov bölgəsindəki Engels şəhərindən həyata keçirilib.
Bildirilib ki, Ukrayna müdafiə qüvvələrinin operativ cavab tədbirləri nəticəsində 741 hava hücumu vasitəsindən 718-i zərərsizləşdirilib.
Zərbələr ölkənin müxtəlif regionlarını əhatə edib. Volın vilayətinin mərkəzi Luçks şəhəri təxminən 50 dronla vurulub. Şəhərdəki bir müəssisə və qarajlar ərazisində yanğın baş verib. Hələlik xəsarət alanlarla bağlı məlumat verilməyib.
Raket və dron zərbələri nəticəsində Kiyev, Zaporoje, Jitomir və digər vilayətlər də ziyan görüb. Kiyev vilayətində bir qadının yaralandığı, Zaporojedə isə bir qadının xəsarət aldığı və yaşayış evlərinin dağıldığı bildirilib.
Ən ağır vəziyyət isə Xerson vilayətində qeydə alınıb. Vilayət hərbi administrasiyasının rəhbəri Aleksandr Prokudin məlumat verib ki, son sutkada vilayətə endirilən zərbələr nəticəsində bir nəfər ölüb, 17 nəfər isə yaralanıb.
Rusiya Müdafiə Nazirliyi bu hücumlarla bağlı hələlik rəsmi açıqlama yaymayıb.
Ukrayna Prezidenti Vladimir Zelenski hücumların nəticələrini əks etdirən fotoları ictimaiyyətə təqdim edib. O, bir daha beynəlxalq ictimaiyyəti Rusiyaya qarşı təzyiqləri artırmağa çağırıb.
"AzPolitika.info"


Şərhlər