Menu

"ABŞ bəzi silahların Ukraynaya tədarükünü bərpa edib" - KİV

10.07.2025, 11:42
"ABŞ bəzi silahların Ukraynaya tədarükünü bərpa edib" - KİV

ABŞ prezidenti Donald Tramp administrasiyası Ukraynaya bəzi növ silahların tədarükünü yenidən bərpa edib.

Bu barədə "Associated Press" nəşri ABŞ rəsmilərinə istinadla məlumat yayıb.

Yenidən göndərilməyə başlanan silahlar arasında 155 millimetrlik artilleriya mərmiləri və dəqiq idarə olunan GMLRS raketləri də var. Tədarükün dəqiq nə vaxt bərpa olunduğu bildirilməyib.

Xatırladaq ki, keçən həftə ABŞ Müdafiə naziri Pit Heqset bəzi silah tədarüklərinin müvəqqəti dayandırılması barədə göstəriş vermişdi. Bu zaman qeyd olunurdu ki, məqsəd Pentaqonun öz silah ehtiyatlarını yenidən qiymətləndirməsi idi. 

Təxirə salınan silahlar arasında Patriot sistemləri üçün raketlər, GMLRS raketləri, Hellfire raketləri, haubitsa mərmiləri və digər növlər yer alırdı.

Hazırda Patriot zenit-raket sistemləri üçün raketlərin tədarükünün bərpa olunub-olunmadığı məlum deyil. Bu raketlərin hər birinin təxminən 4 milyon dollar dəyəri var və yüksək tələbə malikdir.

"Wall Street Journal" nəşri isə yazır ki, Donald Tramp administrasiyası hazırda Ukraynaya Patriot zenit-raket kompleksləri göndərilməsi imkanını nəzərdən keçirir. Ağ Ev bu məsələ ilə bağlı artıq Pentaqona rəsmi müraciət edib.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol