Rusiyada azərbaycanlılara qarşı müxtəlif bəhanələrlə təzyiqlər davam edir. Bu dəfə azərbaycanlı bloqer Sübhan Məmmədova (Subo) qarşı cinayət işi qaldırılıb.
“AzPolitika” Rusiya mediasına istinadən xəbər verir ki, Moskva vilayətinin İstintaq Komitəsi Məmmədova qarşı “xüsusilə külli miqdarda vergidən yayınma” və “cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin yuyulması” maddələri ilə cinayət işi açıb. Hal-hazırda xaricdə olduğu deyilən bloqeri 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.
İstintaqın iddiasına görə, 2020–2022-ci illər ərzində Sübhan Məmmədov və onun qohumları vergidən yayınma sxemi qurublar. O, milyonlarla rubl gəlir əldə etməsinə baxmayaraq, fərdi sahibkar və ya hüquqi şəxs kimi qeydiyyata düşməyib. Gəlirlər isə atasının və qardaşının hesablarına köçürülüb. Rusiya mətbuatı yazır ki, nəticədə dövlət büdcəsi 50 milyon rubl ziyana düşüb, üstəlik 20 milyon rubl cərimə və faiz borcu yaranıb. Bildirilir ki, əldə olunan gəlirin 10 milyonu “Lamborghini” markalı avtomobilin alınmasına sərf edilib.
Bloqer barəsində axtarış elan olunub, yaxın qohumları isə artıq saxlanılıb. “Mash” nəşrinin məlumatına görə, təhlükəsizlik qüvvələri onların qeydiyyatda olduqları ünvanlarda axtarış aparıblar. Sübhanın Samo təxəllüsü ilə tanınan qardaşı Samir Məmmədov ev dustaqlığına buraxılıb. Atası barəsində isə ərazini tərk etməmək barədə yazılı iltizam seçilib.
İstintaqın gəldiyi qənaətə görə, ailə iki il ərzində rəsmi qeydiyyat olmadan bloqçuluq fəaliyyəti vasitəsilə xeyli vəsait əldə edib.
“AzPolitika.info”

Şərhlər