İyulun 22-də Bakıda Medianın İnkişafı Agentliyi tərəfindən Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə tədbir keçirilib.

AZƏRTAC  xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin milli mətbuatın 150 illik yubileyi ilə əlaqədar media nümayəndələrinə müraciəti səsləndirilib.

Müraciəti Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev oxuyub.

Daha sonra bir qisim media nümayəndəsinə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə təsis edilmiş “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalı təqdim olunub.

Tədbirdə ilkin olaraq medallar Roza Tağıyeva, Dağbəyi İsmayılova, Cahangir Məmmədliyə, Mirşahin Ağayevə, Flora Xəlilzadəyə, Vasif Quliyevə, Qahirə Hüseynovaya, Qulu Məhərrəmliyə, Vüsalə Mahirqızına, Müsəllim Həsənova, Bəxtiyar Qaracaya təqdim edilib.

Hikmət Hacıyev bildirib ki, yaxın zamanda digər təltif olunan şəxslərə də yubiley medalları təqdim ediləcək.

Tədbir çərçivəsində “Əkinçi” qəzetindən başlayaraq bu günə qədər medianın inkişaf mərhələləri, tarixi dönüş nöqtələri və gələcək perspektivlərini əhatə edən Azərbaycan milli mətbuatının 150 illik yubileyinə həsr olunmuş videoçarx nümayiş olunub.

Yubiley tədbiri bədii hissə ilə davam etdirilib.

Milli mətbuatın 150 illik yubileyinə həsr olunmuş tədbirdə Azərbaycanın televiziya kanallarının, informasiya agentliklərinin, bir sıra aparıcı çap və onlayn media subyektlərinin rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.