Rusiyanın Severo-Kurilsk şəhərində 1952-ci ildən bəri ən güclü zəlzələ baş verib.
Belə ki, Kamçatkada 8.7 maqnitudalı zəlzələ baş verib, ardınca 50-dən çox afterşok qeydə alınıb.
"AzPolitika" xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kamçatka filialının Geofizika Xidmətindən məlumat verilib.
Məlumatına görə, 8,7 bal gücündə zəlzələnin episentri Petropavlovsk-Kamçatsk şəhərindən 150 kilometr aralıda yerləşib. Zəlzələ Bakı vaxtı ilə saat 03:24-də (yerli vaxtla 11:24) baş verib.
"Ondan sonra 50-dən çox afterşok müşahidə olunub, onların bir neçəsi hiss olunacaq qədər güclü olub", - deyə qurumdan bildirilib.
Zəlzələ Petropavlovsk-Kamçatskidəki 15 saylı uşaq bağçasının binasında divarın uçmasına səbəb olub. Yaponiya və ABŞ-da da sunami təhlükəsi elan edilib.
Zəlzələ nəticəsində Kuril adalarında 2 700 nəfər təhlükəsiz ərazilərə təxliyə olunub. Şimali Kuril rayonunda isə zəlzələ və sunami səbəbindən fövqəladə vəziyyət rejimi elan edilib. Təcili yardım xidmətləri tam gücü ilə işləyir, vəziyyət nəzarət altındadır. Ərazidə insanların təhlükəsizliyinin təmin edilməsi, normal həyatın bərpası üçün bütün zəruri tədbirlər görülür.
Bundan əlavə, Meksika Hərbi Dəniz Qüvvələrinin Sunami Xəbərdarlıq Mərkəzi Kamçatkada baş vermiş zəlzələdən sonra ölkənin qərb sahillərində sunami təhlükəsi elan edib. Məlumata görə, dalğaların hündürlüyü 1 metrə qədər ola bilər.
Zəlzələdən sonra sunami təhlükəsi həmçinin Çinin şərq sahillərində və Tayvanda da elan olunub.
Yaponiyanın Milli Meteorologiya İdarəsi bildirib ki, Kamçatkadakı zəlzələdən sonra ölkənin şərq və şimal-şərq sahillərinə doğru istiqamətlənən sunaminin hündürlüyü 3 m olacaq. Ölkənin şərq, şimal-şərq və şimal hissələrində sahilyanı ərazilərin sakinləri təcili olaraq təxliyə olunmağa çağırılır. Sunaminin ilk dalğalarının yerli vaxtla saat 10:30-da (Bakı vaxtı ilə 06:30) Yaponiyanın Sakit okean sahillərinə çatacağı gözlənilir.
Yaponiyanın “Tokyo Electric Power” (TEPCO) enerji şirkətinin sunami təhlükəsi ilə əlaqədar “Fukusima-1” AES-dən təmizlənmiş suyun axıdılmasının növbəti mərhələsini dayandırıblar. Stansiya əməkdaşları da təxliyyə həyata keçirib. Bunun ölkədə sunami təhlükəsi elan olunduğu halda standart təhlükəsizlik proseduru olduğu vurğulanır. “Fukusima-1” AES Sakit okean sahilində yerləşir.
ABŞ Milli Okean və Atmosfer Tədqiqatları İdarəsi (NOAA) Kamçatkada baş verən zəlzələ ilə əlaqədar sunami təhlükəsi ilə bağlı xəbərdarlıq edib. Bu arada Kamçatkanın Yelizovski rayonunda, “Vodopadnaya” meteostansiyasının yaxınlığında dalğanın hündürlüyü 3-4 m olan sunami qeydə alınıb.

Şərhlər