Çexiya Prezidenti Petr Pavel hesab edir ki, Ukraynanın suveren dövlət kimi saxlanılması yalnız ərazi güzəştləri şəraitində mümkündür.
“AzPolitika” xəbər verir ki, hər zaman Ukraynaya dəstək vermiş Çexiya Prezidenti BBC-yə müsahibəsində hazırda Kiyevin öz ərazilərinin itirilməsi reallığı ilə barışmaqdan başqa yolunun olmadığını qeyd edib. Onun sözlərinə görə, hətta Avropa İttifaqının genişmiqyaslı dəstəyi ilə də Kiyev yaxın gələcəkdə bütün əraziləri qaytarmaq iqtidarında deyil: "Ukrayna Qərbin bütün dəstəyi ilə işğal etdiyi əraziləri qısa müddət ərzində böyük insan itkiləri olmadan azad etmək iqtidarında deyil. Biz onun müstəqil suveren ölkə kimi ayaqda qalmasını istəyirik. Əgər onun yaşamasının əvəzi ərazinin bir hissəsinin müvəqqəti olaraq işğal altında qalmasıdırsa, o zaman qoy belə də olsun. Biz bunları heç vaxt qanuni olaraq Rusiya ərazisi kimi tanımayacağıq".
Pavelin fikrincə, Qərbin bütün işğal olunmuş əraziləri dərhal azad etməsi üçün Ukraynaya təzyiq göstərməsi ədalətsizlik olardı. Onun sözlərinə görə, Qərb Ukrayna millətinin məhv olmasını istəmir.
Çexiya Prezidenti hesab edir ki, Ukraynaya hərbi yardımı davam etdirmək lazımdır, lakin onun sözlərinə görə, müharibəni döyüş meydanında qazanmaq mümkün deyil. O deyib ki, Avropa və ABŞ-nin iqtisadi təzyiqləri Moskvanı danışıqlar masasına oturmağa məcbur etmək üçün daha güclü vasitədir: "Rusiyaya daha çox iqtisadi təzyiq göstərmək Atlantikanın hər iki tərəfinin maraqlarına uyğundur. Bu təzyiq inandırıcı güc baxımından çox təsirlidir. İnanıram ki, Rusiya iqtisadiyyatının hazırkı vəziyyətini nəzərə alsaq, (ruslar) uzun müddət iqtisadi təzyiqlərə tab gətirə bilməyəcəklər. Ona görə də gec-tez bu tədbirlər həyata keçirilərsə, Rusiyanın hələ də masa arxasında oturmaqdan başqa çarəsi qalmayacaq".
“AzPolitika.info”

Şərhlər