“Bu, mənim Prezident Trampla birinci görüşümdür. Görüş çox səmimi şəkildə keçdi”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Vaşinqtonda keçirdiyi brifinqdə deyib.

Dövlət başçısı qeyd edib ki, Tramp Azərbaycan haqda çox məlumatlıdır: “Sözün düzü, onun Azərbaycanla bağlı bilgiləri məni təəccübləndirdi. O, bir çox məsələləri dərindən bilir. Cənab Tramp Azərbaycanın önəmini, onun geosiyasi əhəmiyyətini, Azərbaycanın ABŞ-yə həmişə dost ölkə olmasını çox yaxşı bilir. Əlbəttə ki, bizim münasibətlərimizdə şəxsi təmaslar önəmli rol oynayacaq.

Və təbii ki, 907-ci düzəlişin ləğvi tarixi hadisədir. Hesab edirəm ki, artıq strateji əməkdaşlıq formatına başlamağımız da tarixi hadisədir. Mən səfərin nəticələrindən çox məmnunam. Əminəm ki, səfərin konkret nəticələri yaxın gələcəkdə özünü biruzə verəcək”.