Qazaxıstanda məktəblərdə rus sektoruna aid siniflərin sürətlə azalması müşahidə olunur. Özü də bu, hökumətin hər hansı bir qərarı, siyasəti ilə deyil, valideynlərin öz uşaqlarını getdikcə daha çox rus yox, qazax dilində oxutmağa üstünlük verməsilə bağlıdır. Bunu Qazaxıstanın Təhsil naziri Qəni Beysembayev deyib.
Nazirin sözlərinə görə, hökumət getdikcə daha çox respublika vətəndaşının övladlarını qazax dilində təhsil almağa üstünlük vermələrini müşahidə edir. O, gələcəkdə rus dili dərslərinin tamamilə bağlanması planlarının olub-olmaması ilə bağlı sualı cavablandırarkən deyib: "Dərhal deyim ki, belə planlar yoxdur. Çünki sinif seçimini valideyn edir, ona görə də (təhsil tələb olunan dildə) dərslər seçim yolu ilə açılır… Övladlarını qazax dilində tədris olunan siniflərdə oxutmaq istəyən valideynlərin sayı durmadan artır. Bu, belə bir tendensiyadır, ona görə də belə siniflərin sayı artırılıb. Bu, təbii prosesdir".
Maraqlıdır, həmin bu təbii proses bizdə nədən baş vermir? Doğrudur, Qazaxıstanda rusdilli siniflər bizimlə müqayisədə daha çoxdur. Ancaq nəzərə alaq ki, orada ruslar və digər millətlərin sayı da bizdəkindən qat-qat çoxdur. Odur ki, əsas məsələ say yox, tendensiyasdır. Azərbaycanda Qazaxıstanla müqayisədə əks tendensiya müşahidə olunur. Bir çox valideynlər az qala Təhsil Nazirliyi ilə qırğına çıxırlar ki, nədən övladlarına rus sektorunda yer tapa bilmirlər? Bu “rus sektoru sevgisi”nin haradan, nədən qaynaqlandığını anlamaq olmur və bunun guya rus sektorunda təhsilin keyfiyyətinin daha yüksək olması, dünya ədəbiyyatına, elminə yol açması ilə bağlı olduğu barədə deyilənlər isə bəhanə və cəfəngiyyatdır.
Valideynin öz daxilindəki Azərbaycanı, azərbaycançılığı kiçik, aciz, dəyərsiz görmənin ört-basdır edilməsidir. Bəzi “ruskoyazıçnı” ziyalılarımız isə rus dilini “kələ-kötür” formada müdafiə etməklə, çaş-baş qalmış valideynləri daha da dolaşığa salırlar…
Digər maraqlı məqam odur ki, Rusiyanın özü belə son zamanlar öz ərazisində qeyri-rusların rus dilində təhsil ala bilməməsi üçün əlindən gələni edir. Rusiya Duması qeyri millətlərdən olan miqrantların uşaqlarının məktəbə qəbulunu əngəlləyən qanun hazırlayıb. Həmin qanuna görə, Rusiya vətəndaşı olmayan və qeyri millətlərdən olanların övladlarına orta təhsil pulla veriləcək. Yəni, Rusiyanın özündə qeyri-ruslar, o cümlədən Rusiya vətəndaşlığı olmayan azərbaycanlılar üçün rus dilində təhsil pullu olacaq! Azərbaycanda isə rus dilində təhsil pulsuzdur. Niyə?
Nəhayət, Rusiyada qəbulu gözlənilən bu qanunla ruslar sanki digər millətlərə “rus dilində təhsil almayın” deyir. Ancaq buna baxmayaraq, bizim bəzi ziyalılar və valideynlər “rus dili”, “rus sektoru” deyib yaxalarını cırırlar. Sanki “it əl çəkir, motal əl çəkmir ki, çəkmir”…
Görünür, bizim hələ də özünüdərketmə və öz milli kimliyini qəbuletmə sarıdan ciddi problemlərimiz qalır. Nə yazıq ki, canımızı bu problemdən və millət, xalq kimi natamamlıq kompleksindən hətta Qarabağdakı tarixi qələbəmiz də qurtara bilmədi…
Cəlal Məmmədli
“AzPolitika.info”

Şərhlər
Dil məsələsində (söhbət rus dilindən gedir) Dövlətin rolu olmalıdır. Belə ki, nə üçün rus dili büdcəmiz hesabına tədris olunmalıdır???... Necə ki, ingilis, fransız, alman, ərəb və s. dillər dil öyrənənin hesabına tədris olunur, eləcə də rus dili o cür tədris olunmalıdır. Artıq Bakıda rus dili doğma dilimizi sıxışdırır. Bu nəinki məktəblərdə eləcə də reklam yazılarında, insanların idarə, müəssisələrdə danışığlarında və s... demək olar ki, bir çox yerlərdə danışılır...bax əsil bəla budur...
Uşaqların rus dilində oxutmaq istəyənlər bununla sübut etmək istəyirlər ki, hələ də rusu başımızın üstündə görmək istəyirik bu hərəkətləri ilə rusa sevgilərini dolayısı ilə sübut etmək istəyirlər
Celal emi baliq bashdan iylenir.
Cəlal bəy rus dilli təhsilə qaçışın əsas səbəbi az balla ali təhsil müəssisələrinə qəbulun mümkün olmasıdır.Azərbaycanlı balası yüksək balla istədiyi ali məktəbə daxil ola bilmir.Rus dilli isə az balla istədiyi yerə daxil olur.Azərbaycanlı balaların haqqı tapdanır.Dövlət bunun qarşısını almalıdır.İnsanlarımızda isə qeyrət olmalıdır.
Hər bir hadisə, olay, xüsusilə də dil məsələsi müəyyən qədər qarşılıqlı olmalıdır. mənim 70-ə yaxın yaşım var və ta Sovet dönəmindən bu günə qədər rus və digər rusdilli millətlərin hələ aramızda çoxsaylı olduğları dövrdən belə bizim millətin dilinə yaxşı yanaşmadığlarının şahidiyəm. Bunun da ən böyük gönahkarı özümüzük. Belə ki, öz bölgələrimizdən gələnlərə yuxarıdan aşağı baxmağla və bəzən də "çuşkə" deyərək təhqir eləyirdik və bunu da rus və rusdillilər görürdülər və dil məsələsində bizim səviyyəmizi müəyyən edirdilər. Ancaq gürcü və ermənilər öz dillərinə çox hörmətlə yanaşırdılar. Bu faktdır...
helede yatmishiq)))
Ümumiyyətlə rus dilinə "sevgi-məhəbbət" bizim millətin qanındadır-canındadır, mən çox müşahidə etmişəm ki, görürsən heç rusdilli deyil, ancaq hıqqana-hıqqana olsa da rusca danışmağa can atırığ və bunu az qala igidlik sayırıq...
Cəlal bəy, bu tək dil məsələsi deyil, milli təhlükəsizlik məsələsidir. Rus dilində təhsil alan uşaqda Azərbaycan sevgisi olmur. Burada əsas problem dövlətdə deyil, rusbaş valideynlərdədir, AXC hakimiyyəti dövründə olduğu kimi küçədə Azərbaycanlının rusca danışmasına cəmiyyət təpki göstərməlidir