ABŞ Dövlət Departamenti Ukraynaya artırılmış mənzilə malik aviasiya sursatlarının (ERAM – Extended Range Attack Munition) və müşayiətedici avadanlığın satışını təsdiqləyib. Sazişin ümumi dəyəri təxminən 825 milyon dollar təşkil edir.

“AzPolitika” xəbər verir ki, bu barədə Pentaqonun strukturuna daxil olan Müdafiə Təhlükəsizliyi üzrə Əməkdaşlıq Agentliyi (DSCA) məlumat yayıb.

Məlumatda qeyd olunur ki, satış “ABŞ-ın xarici siyasət və milli təhlükəsizlik məqsədlərinə xidmət edir, Avropada siyasi sabitliyin və iqtisadi inkişafın əsas faktorlarından olan tərəfdaş ölkənin təhlükəsizliyini gücləndirir”.

DSCA artıq bütün lazımi sertifikatları verib və saziş barədə Konqresi məlumatlandırıb. Layihənin baş podratçıları “Zone 5 Technologies” və “Aspire” şirkətləri olacaq.

Rəsmi məlumatlara görə, Kiyev 3 mindən çox ERAM tipli sursat sifariş edib. Paketə həmçinin konteynerlər, asqı avadanlıqları, ehtiyat hissələri, proqram təminatı, tədris materialları, texniki dəstək və logistika xidmətləri daxildir.

Saziş, ümumi dəyəri 850 milyon dollar olan hərbi yardım paketinin bir hissəsidir. Paket əsasən Avropa müttəfiqlərinin maliyyələşdirməsi hesabına reallaşdırılır. “The Wall Street Journal”ın məlumatına görə, ilk partiyalar yaxın 6 həftə ərzində Ukrayna Silahlı Qüvvələrinə çatdırılacaq.

Rusiyanın “Kommersant” nəşri yazır ki, yeni ERAM sursatları Ukrayna üçün daha bahalı “Storm Shadow/SCALP” qanadlı raketlərinə nisbətən daha ucuz alternativ ola bilər.

“AzPolitika.info”