Volodimir Zelenski gələcək sülh sazişi çərçivəsində Avropa liderlərinin cəbhədə 40 kilometrlik bufer zonasının yaradılması təklifilə bağlı yayılan xəbərlərə mənfi münasibət bildirib.

“AzPolitika” xəbər verir ki, Ukrayna mediasının yazdığına görə, Zelenski vurğulayıb ki, cəbhədə dronların zərbə zonası əslində “ölü” və ya “boz” zona yaradıb. Ona görə də bufer zonasına ehtiyac yoxdur.

Ukrayna Prezidenti deyib ki, Ukrayna Silahlı Qüvvələri hazırkı cəbhə xəttindən geri çəkilməyi planlaşdırmır. Onun sözlərinə görə, döyüş meydanında PUA-ların intensiv istifadəsi səbəbindən artıq “bufer zonası” adlanan ərazi yaradılıb: "Bu gün bizim ağır silahlarımız bir-birindən 10 kilometrdən çox məsafədə yerləşir, çünki hər şey dronlarla vurulur. Mən onu "ölü zona" adlandırıram”.

Onun sözlərinə görə, vaxt itirməyə, Rusiyadan və ya digər tərəflərdən gələn əlavə şərtlərə diqqət ayırmağa ehtiyac yoxdur: "Əgər Rusiya bizdən daha çox məsafə saxlamaq istəsə, onlar Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində daha dərinə çəkilə bilərlər”.

Zelenski həmçinin qeyd edib ki, 2014-cü ildən sonra Minsk prosesi çərçivəsində Donetsk və Luqansk vilayətlərində qoşunların çıxarılması barədə razılıq əldə olunub, lakin sonradan bu, nəticə verməyib.

“AzPolitika.info”