Daxil olan vətəndaş müraciəti əsasında Abşeron rayonu Pirəkəşkül kənd 21 nömrəli uşaq bağçasında Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən araşdırma aparılıb.
Araşdırma nəticəsində vəzifə funksiyalarının icrası zamanı yol verdiyi nöqsanlara görə təhsil müəsissəsinin müdiri Xədicə Vəliyeva ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.
Bu barədə Abşeron-Xızı Regional Təhsil İdarəsi məlumat yayıb.
Bildirilib ki, təhsil müəssisələrində uşaqların düzgün qidalanması, sağlam və təhlükəsiz mühitdə təhsil alması, həmçinin vətəndaşların təhsil müəssisəsinə etimadının artırılması əsas prioritetlərdəndir. Təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir.
Bu istiqamətlərdə hər bir müraciət diqqətlə araşdırılır və qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülür.
Qeyd edək ki, bir müddət əvvəl övladı 21 saylı uşaq bağçasına gedən valideyn şikayətində bildirib ki, onun 5 yaşlı qızı bağçanın müdiri Xədicə Vəliyeva tərəfindən səhər yeməyi vaxtı qovulub.
Qeyd edək ki, yayılan şikayətdə həmçinin bildirilirdi ki, uşaqlar səhər yeməyi adı ilə sadəcə çörək yeyir və çay içirlər. 15 gündən bir 10 kiloqram ət gətirilir, amma ondan uşaqlara bir kilo belə çatmır. Toyuğun piylərini, dərisini çəkib kotlet adı ilə uşaqlara yedizdirirlər.


Şərhlər
Uşaqların yeməyini oğurlayıb öz uşaqlarına yedizdirən həyasız qadınlara ən alçaq sözlər yaraşır.