Saleh Məmmədov: “Azərbaycanın resursları İsveçrə, Norveç və Sinqapurla, inkişaf səviyyəsi isə Zimbabve və Zambiya ilə müqayisə olunur”
"Resurslar dövriyyəyə daxil edilməlidir ki, real inkişaf baş versin”
Beynəlxalq Valyuta Fondu 2025-ci ilin ilk yeddi ayında Azərbaycanda iqtisadi artımın cəmi 0,9% olduğunu açıqlayıb. İqtisadiyyat Nazirliyi də reallıqlarla barışaraq illik iqtisadi artım proqnozunu 3,7%-dən 3%-ə endirib.
İlin səkkiz ayında Dövlət Vergi Xidməti 11 milyard 561 milyon manat vergi toplayıb ki, bu da proqnozdan 600 milyon manat çoxdur. Maraqlıdır, cüzi iqtisadi artımla belə yüksək vergi yığımına necə nail olunub?
Digər tərəfdən, Maliyyə Nazirliyi büdcə xərclərində 700 milyon manatlı azalma olacağını bildirib. Nazırliyin açıqlamalara görə, səkkiz ay ərzində icmal büdcədə 4,7 milyard manat profisit (artıq vəsait) yaranıb. Belə ki, 2025-ci ilin birinci yarısında icmal büdcənin gəlirləri 24 milyard 357,9 milyon manat, xərcləri isə 19 milyard 593,7 milyon manat təşkil edib. Bu da 4 milyard 764,2 milyon manat profisit deməkdir.
Bəs bu qədər profisit hansı mənbədən yaranıb?
Keçmiş maliyyə naziri, professor Saleh Məmmədov “AzPolitika”-ya şərhində büdcə xərclərinin 700 milyon manat ixtisar edilməsinin iqtisadi qənaət olduğunu bildirdi.
Onun fikrincə, bu, büdcənin daha səmərəli idarə olunmasına işarədir: “Mən də hesab edirəm ki, bu istiqamət doğru yanaşmadır”.
Ancaq o, eyni zamanda vurğuladı ki, dövlətin əlində nə qədər çox maliyyə resursu cəmləşirsə, bu vəsaitlərin səmərəsiz istifadəsi riski bir o qədər artır.
“Pulun əsas prinsipi ondan ibarətdir ki, investorların və şəxslərin əlində olduqda bu vəsait daha effektiv istifadə olunur və iqtisadi inkişafa ciddi təkan verir”, – deyə S. Məmmədov qeyd edib.
Onun sözlərinə görə, dövlət vəsaitləri bir neçə məmurun idarəsində olduğundan, özəl sektorla müqayisədə daha az səmərə verir: "Bu, təkcə Azərbaycanın yox, dünyanın bütün dünyanın problemidir. Buna görə də hazırda dünyada tendensiya dövlətin əlindəki maliyyə vəsaitlərinin mərkəzləşdirilməsini azaltmaq istiqamətindədir”.
Amma S. Məmmədov qeyd edir ki, Azərbaycanda bu tendensiya müşahidə olunmur, əksinə, dövlət büdcəsi və qeyri-büdcə fondlarının həcmi artır. Bu isə iqtisadi inkişafa mənfi təsir göstərir. Onun fikrincə, resurslar dövlətə cəmləşdikcə səmərəsizlik artır, özəl sektor isə maliyyə çətinliyi ilə üzləşir.
“Özəl sektor daha ucuz tikir..."
Saleh Məmmədov misal olaraq qeyd edib ki, dövlət bir kvadratmetr mənzilin tikintisinə təxminən 2 000 manat sərf edir, halbuki özəl sektor bunu 500 manata başa gətirə bilir: “Əgər bu vəsaitlər özəl sektor vasitəsilə yönləndirilsəydi, tikilən mənzillərin sayı 3–4 dəfə çox olardı. Bu baxımdan dövlət xərclərinin azaldılması iqtisadiyyatın inkişafına müsbət təsir göstərir”.
O əlavə edib ki, inkişaf etmiş ölkələrdə dövlətin iqtisadiyyatda müdaxiləsi aşağıdır: “Məsələn, Sovet İttifaqında dövlət xərcləri ÜDM-in 64–70%-ni təşkil edirdi. Amma İsveçrədə bu göstərici cəmi 10%-dir. Qalan resurslar isə özəl sektor vasitəsilə dövriyyəyə daxil olur”.
"Yüksək mənfəət vergisi investisiya mühitinə mənfi təsir edir"
Professor əlavə edib ki, 2025-ci ilin büdcəsində təxminən 3 milyard manat defisit planlaşdırılıb. Onun fikrincə, bu, normal və məqsədəuyğundur, çünki dövlətin maliyyə bazarında aktiv iştirakı üçün zəruridir.
Azərbaycanda 150 milyard manata yaxın ehtiyatın olduğunu və bu ilin 7 ayında 10 milyard manat ehtiyata pul atıldığını deyən Məmmədov, maliyyə bazarını formalaşdırmaq üçün dövlətin aktiv iştirakının vacib olduğunu qeyd edib.
“İsveçrə də böyük iqtisadi imkanlara malikdir, amma orada da planlı büdcə kəsiri tətbiq olunur”, – deyə əlavə edib.
Saleh Məmmədov vurğulayıb ki, Azərbaycanda büdcə gəlirlərinin toplanması prosesi rəqəmsallaşıb və süni intellekt vasitəsilə həyata keçirilir: "Bu isə rüşvət və korrupsiyanın qarşısını alır, şəffaflıq və səmərəliliyi artırır. Artıq bütün əməliyyatlar onlayn şəkildə, sürətli və şəffaf icra olunur. Süni intellekt sayəsində vergi yığımı tam avtomatlaşdırılıb. Misal üçün, 2024-cü ilin yeddi ayında vergi gəlirləri 20% artmışdı, halbuki ÜDM-də cəmi 4–5% artım var idi. Bu fərq vergilərin daha effektiv toplandığını göstərir. Bu ilin 7 ayı ərzində iqtisadi artəm 0,9% olub, amma büdcə gəlirlərinin aartımı 4,2% olub".
Lakin professor əlavə edib ki, dövlət büdcəsinə daxil olan bu vəsaitlər real iqtisadi dövriyyəyə daxil olmur, yəni “ölü pul” kimi qalır: “Büdcəyə yönələn vəsaitlər investisiyaları əvəz etmir və iqtisadi artıma kifayət qədər təsir göstərmir”.
Məmmədov vurğulayıb ki, Azərbaycanda uzun illərdir mənfəət vergisi dəyişməz qalır və bu da investorların əlində vəsaitin qalmamasına, investisiyaların azalmasına səbəb olur: “Estoniyada mənfəət vergisi yoxdur və müəssisələr gəlirlərini yenidən istehsalata yönəldirlər. Bu da vergi gəlirlərinin azalması yox, əksinə artması ilə nəticələnir”.
Onun fikrincə, Azərbaycanda da mənfəət vergisinin dərəcəsi azaldılarsa, iqtisadiyyata ciddi stimul verilə bilər: “Qətər, BƏƏ və Küveytdə xeyli vaxt idi ki, mənfəət vergisi yox idi. Amma 2023-cü ildən BƏƏ-də 9% vergi tətbiq olunmağa başlayıb. Bu da yeni investisiyalara və iş yerlərinin yaradılmasına imkan verir”.
“Azərbaycanda investisiya qoyuluşları kəskin azalıb”
Saleh Məmmədov deyib ki, hazırda ölkədə investisiya qoyuluşları xeyli azalıb: "Əsrin əvvəllərində ÜDM-in 50%-i investisiyalara yönəlirdisə, bu göstərici indi 13%-ə enib. Əfqanıstanda bu göstərici 17%, Gürcüstan və Ermənistanda isə 25–30%-dir. Çində 44%-dir. Bizdə isə özəl sektorun əlində pul qalmayıb”.
Saleh Məmmədovun sözlərinə görə, bank faizləri yüksək olduğuna görə iqtisadi artım dayanıqlı ola bilməz: "İnvestisiya kreditlərinin faizləri 2–3% səviyyəsində olmalıdır. Bank faizləri yüksək olduğu üçün 2013-cü ildən bəri Azərbaycanda iqtisadi durğunluq müşahidə olunur. 2024-cü ildə ÜDM 74 milyard dollar olub, lakin bu səviyyədən irəli getmək çətin görünür”.
Sonda professor qeyd edib ki, işsizliyin aradan qaldırılması üçün 42 milyard dollar vəsait tələb olunur ki, bu da ÜDM-in 58%-nə bərabərdir: “Azərbaycanın resursların nisbi səviyyəsi İsveçrə, Norveç və Sinqapur səviyyəsindədir, amma istifadə baxımından Zimbabve və Zambiya ilə müqayisə olunur. Resurslar dövriyyəyə daxil edilməlidir ki, real inkişaf baş versin”.
E. Rüstəmli
“AzPolitika.info”

Şərhlər
İqyisadiyyatı xam ,iqtisadyyatdan xəbərsiz olanlar idarə edəndə ölkə bu günə düşməsi heç kəsdə şübhə doğurmur....Hansı iqtisadi sahə var ki.göstəricisi müsbət olsun?Tənəzzül davam edir.