ABŞ mətbuatının məlumatına görə, İsrail Qətərin paytaxtı Dohada HƏMAS-ın yüksək vəzifəli üzvlərini hədəfə alaraq sui-qəsd həyata keçirib. Şəhərdə bir neçə partlayış səsinin eşidildiyi bildirilir.

"AzPolitika"  Türkiyə mediasına istinadən  xəbər veir ki, İsrail mediası, ordunun hava hücumu təşkil etdiyini və hücumun əsas hədəfinin HƏMAS rəhbərlərindən Xalid Məşəl olduğunu iddia edib.

İsraildən verilən açıqlamada hücumun HƏMAS-ın danışıqlar heyətinə yönəldiyi qeyd olunub.

HƏMAS-dakı bir mənbə "Əl-Cəzirə"yə hücumun ABŞ tərəfindən təklif olunan son atəşkəs planını müzakirə etmək üçün bir araya gələn HƏMAS nümayəndə heyətini hədəf aldığını bildirib.

İsrail mətbuatı hücuma ABŞ Prezidenti Donald Trampın razılıq verdiyini və HƏMAS Siyasi Bürosunun üzvü Xəlil əl-Hayyənin hücum zamanı öldürüldüyünü irəli sürüb.

Digər tərəfdən, HƏMAS-a yaxın mənbələr bəzi yüksək səviyyəli rəhbərlərin hücumdan salamat çıxdığını bildiriblər.

Qətər Xarici İşlər Nazirliyi hücumla bağlı açıqlamasında "İsrailin Qətərin paytaxtı Dohada HƏMAS Siyasi Bürosunun bəzi üzvlərinin yaşadığı evləri hədəf alan qorxaq hücumunu ən sərt şəkildə qınayırıq", – deyə bildirilib.

Bu hücum, İsrail ordusunun komandanı Eyal Zamirin xaricdə yaşayan HƏMAS liderlərini sui-qəsdlə öldürəcəyi ilə bağlı verdiyi bəyanatdan bir neçə gün sonra və İsrailin xarici işlər naziri Gideon Sa'arın ABŞ-nin Qəzza üzrə atəşkəs təklifini qəbul etdiklərini elan etməsindən bir neçə saat sonra baş verib.

"AzPolitika.info"