"Bu hadisə İsrailin terrorizmi dövlət siyasəti kimi qəbul etdiyinin açıq sübutudu"
Türkiyə Xarici İşlər Nazirliyi Qətərin paytaxtı Dohada “İsrailin HAMAS-ın danışıqlar qrupuna hücumunu pisləyib.
"AzPolitika" xəbər verir ki, bu barədə Türkiyə XİN bəyanat yayıb.
Xarici İşlər Nazirliyi İsrailin Qətərin paytaxtı Dohada Həmasın danışıqlar heyətinə qarşı həyata keçirdiyi hücuma etiraz edib. Nazirliyin yaydığı bəyanatda deyilir:
“İsrailin Qətərin paytaxtı Dohada Həmas danışıqlar heyətinə qarşı təşkil etdiyi hücumu qətiyyətlə pisləyirik. Bu hadisə İsrailin bölgədəki ekspansionist siyasətinin və terrorizmi dövlət siyasəti kimi qəbul etdiyinin açıq sübutudur.”
“Atəşkəs danışıqları zamanı HAMAS-ın danışıqlar qrupuna hücum İsrailin məqsədinin sülhə nail olmaq deyil, müharibəni davam etdirmək olduğunu nümayiş etdirir”, - bəyanatda qeyd olunub.
Bəyanatda deyilib ki, “atəşkəs danışıqlarında vasitəçilik edən Qətər bölgədə İsrailin hücumuna məruz qalan ölkələr sırasına əlavə edilib”: “Qətərin suverenliyinə və təhlükəsizliyinə qarşı bu mənfur hücuma qarşıyıq. Biz bir daha beynəlxalq ictimaiyyəti Fələstində və regionda davam edən təcavüzün dayandırılması üçün İsrailə təzyiq göstərməyə çağırırıq”.
İran XİN-in sözçüsü İsmayıl Bəqayi də İsrailin Dohada HAMAS hərəkatının nümayəndələrinə “hücumunu pisləyib”, bunu beynəlxalq hüququn pozulması kimi qiymətləndirib. O qeyd edib ki, bu, bütün beynəlxalq normaları, eyni zamanda, Qətərin suverenliyini və ərazi bütövlüyünü pozur.


Şərhlər