Texnobloger Fərid Pərdəşünas "Apple" şirkətinin bu gün təqdim etdiyi yeni iPhone modelləri ilə bağlı ilkin təəssüratlarını bölüşüb. Onun sözlərinə görə, bu dəfəki təqdimat bir sıra texnoloji yeniliklər və strateji dəyişikliklərlə yadda qalıb.
“Apple bu gün 4 yeni model təqdim etdi – iPhone 17, iPhone 17 Pro, iPhone 17 Pro Max və iPhone Air. Diqqət çəkən əsas dəyişiklik isə ondan ibarətdir ki, artıq ‘Plus’ modeli istehsal xəttindən çıxarılıb və görünür ki, bu seriya bir daha qayıtmayacaq,” – Fərid Pərdəşünas bildirib.
Ekspert qeyd edib ki, uzun müddətdir gözlənilən və “Air” adlandırılan model məhz gözləntiləri doğruldub – Apple tarixinin ən incə iPhone modeli olaraq təqdim edilib:
“Air modeli cəmi 5.6 millimetr qalınlığındadır. Bu, şirkətin dizayn baxımından atdığı ən cəsarətli addımlardan biridir. Gövdəsi ön və arxa hissədə seramik şüşə, kənar hissələrdə isə titan materialdan hazırlanıb. Bu da həm incəlik, həm davamlılıq baxımından ciddi yenilikdir".
Pərdəşünasın fikrincə, təqdimat zamanı istifadəçiləri ən çox maraqlandıran məsələ batareya ömrü olub. "Apple" bu problemi enerji qənaətli çiplər və optimallaşdırma rejimləri ilə həll etməyə çalışıb: “Apple" bu dəfə öz istehsalı olan A19 və A19 Pro çiplərinə güvənir. iPhone 17-də A19, digər modellərdə isə A19 Pro çipi istifadə olunur. Lakin Air modelindəki A19 Pro-nun qrafik nüvəsi bir qədər azdır. Bu mənada ən yüksək performansı Pro və Pro Max modellərindən gözləmək olar".
Texnobloger həmçinin yeni kameraların və ekran texnologiyasının da diqqət çəkdiyini bildirib: “Bu dəfə bütün modellərdə 48 meqapiksellik arxa kamera var. Ön kameralar da yenilənib – artıq 18 meqapiksellik yeni kamera istifadə olunur. Nəhayət ki, Apple bütün modellərdə 120Hz-lik ‘ProMotion’ ekran texnologiyasını tətbiq etdi".
Fərid Pətdəşünas əlavə edib ki, "Pro" və "Pro Max" modellərinin gövdə dizaynı tamamilə dəyişib və bu dəyişikliklər cihazın batareya tutumuna əlavə yer ayırmaq məqsədilə həyata keçirilib: “Genişlənmiş kamera bloku və dəyişən gövdə dizaynı sayəsində bu modellər Apple tarixinin ən uzun ömürlü batareyasına sahib iPhone-lar olacaq".
Ekspert sonda "Apple"ın süni intellekt texnologiyasına da toxunub. Onun sözlərinə görə, "Apple Intelligence" sistemi Android istifadəçilərinin tanıdığı “Circle to Search” funksiyasına bənzər bir texnologiyanı iPhone istifadəçilərinə təqdim edəcək: “Apple" süni intellekt sahəsində də geri qalmamaq üçün ciddi addımlar atır. Androiddə gördüyümüz bəzi funksiyalar artıq iOS-də də öz əksini tapır və bu, istifadəçi təcrübəsinə müsbət təsir göstərəcək.”
Rasim
"AzPolitika.info"


Şərhlər