Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov BANM və ADA Universitetinin tələbələrinin dünya üzrə ən prestijli texnoloji intellektual yarışmalardan biri olan ICPC Dünya Finalında iştirakı ilə bağlı paylaşım edib.

Rektorun paylaşımını təqdim edirik:

“Dünya üzrə ən prestijli texnoloji intellektual yarışmalardan biri olan ICPC Dünya Finalı Bakıda yekunlaşdı.

ICPC - Beynəlxalq Universitetlərarası Proqramlaşdırma üzrə Müsabiqə dünyanın ən nüfuzlu, ən rəqabətli texnoloji şirkətlərinin diqqətində olan bir yarışmadır. Yarışda Azərbaycanı iki komanda - Bakı Ali Neft Məktəbi (BANM) və ADA komandaları təmsil edib.

Finalln yekun nəticələrinə əsasən, komandalarımızı uğurlu çıxışlarına görə ürəkdən təbrik edirəm. Dünyada top 100-də olan universitetlərlə rəqabət aparan gənc universitetlərimiz üçün bu həm ilk təcrübə və həm də gələcək yarışlar üçün bir motivasiya oldu.

Bu finalı bizim komandalar üçün niyə uğulu hesab etmək olar?

Dünyanın ən tanınmış, ən güclü universitetlərinin komandaları arasında amansız mübarizə gedib. Ən güclü universitetlər belə mükafat qazana bilməyiblər. Siz təsəvvür edin ki, 12 sualın cavabını heç bir komanda yaza bilmədi. 1-ci yerə çıxan 4 komandadan yalnız 1-i 11 suala cavab yaza bildi.

Bəli, biz 5 suala cavab yazmışıq. Ancaq gümüş medal qazanan və dünyanın 1 nömrəli Universiteti olan Massaçusets Texnoloji İnstitutunun komandası 9 suala cavab tapdı. Maraqlısı odur ki, Massaçusets Texnoloji İnstitutunun komandasının 3 üzvünün ikisi rus və biri çinli idi. Bizim komandalarda isə bir əcnəbi vətəndaş yox idi. Ümumiyyətlə, Amerika və Avropa universitetlərinin komandalarının əksəriyyətində komanda üzvlərinin əsasını çinlilər təşkil edirdi.

Mən təbii ki, bir neçə gün ərzində həmin final iştirakçıları ilə çoxsaylı görüşlər keçirərək güclü və zəif tərəflərimizi aydınlaşdırmağa çalışdım. Burada iştirak edən iştirakçıların əksəriyyəti proqramlaşdırma ilə universitetlərdə deyil, çox kiçik yaşlarından (4-5 ci siniflərdən) ciddi surətdə məşğul olurlar. Saysız hesabsız olimipiadalarda iştirak edirlər.

ABŞ, Çin, Yaponiya, Koreya, Sinqapur kimi ölkələrin texnoloji şirkətlərinin universitetlərə dəstəyini də unutmaq lazım deyil.

Bu universitetlərin yaşı, təcrübələri, akademik heyəti və büdcələri müqayisə olunmazdır.

14 yaşını qeyd etməyə hazırlaşan BANM üçün isə bu ilk yarış idi. Biz həvəsləndirici mükafata layiq görüldük. Mən öz komandamızı və yalnız öz azərbaycanlılarımızdan ibarət olan tələbələrimizi ürəkdən təbrik edirəm.

Nəhəng universitetlərlə rəqabət aparmaq və qalib gəlmək istəyinizə görə “əhsən!” deyirəm. Eyni zamanda ADA Universitetinin komandasına da təbriklərimi çatdırıram. Gələcəkdə qazandığımız təcrübəni nəzərə almaqla daha böyük uğurlara imza atacağımıza əminəm.

İCPC 2025-də qızıl, gümüş və bürünc medalları isə əsasən Çin, Rusiya, Yaponiya, ABŞ komandaları qazandılar”.

“AzPolitika”