Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov parlamentdə "Konstitusiya və Suverenlik ili" çərçivəsində təşkil olunan konfransda çıxış edib. 

“AzPolitika” xəbər verir ki, millət vəkili çıxışında müstəqillik və suverenlik anlayışlarının Azərbaycan xalqı üçün əhəmiyyətindən danışıb.

S.Qurbanov bildirib ki, müstəqillik xalqın azadlıq iradəsini, suverenlik isə bu iradənin hüquqi, siyasi və praktiki təcəssümünü ifadə edir. O, Jan-Jak Russonun fikirlərinə istinad edərək qeyd edib ki, suverenlik nə bölünə, nə də təhvil verilə bilər; bu, bir xalqın varlığının əsas şərtidir.

Deputat vurğulayıb ki, 1918-ci il 28 may tarixində Azərbaycan Xalq Cümhuriyyəti yaradılmaqla xalqın suveren iradəsi dünyaya nümayiş etdirildi. O qeyd edib ki, bu qısa müddətdə qurulan parlamentli respublika, üçrəngli bayraq və beynəlxalq əlaqələr bu gün də dövlətçiliyimizin əsas sütunlarını təşkil edir.

Sadiq Qurbanov əlavə edib ki, 1920-ci ilin aprelində müstəqillik itirilsə də, azadlıq ideyası xalqın qəlbində heç vaxt sönməyib.

Millət vəkili qeyd edib ki, 1991-ci il 18 oktyabr tarixində Azərbaycan xalqı ikinci dəfə müstəqilliyini bərpa edib. Onun sözlərinə görə, Dövlət Müstəqilliyi Aktı həm hüquqi sənəd, həm də uzun illər davam edən milli mübarizənin nəticəsi kimi əhəmiyyət daşıyır.

Sadiq Qurbanov bildirib ki, Heydər Əliyev sovet dövründə milli maraqların qorunması üçün strateji imkanlardan məqsədyönlü şəkildə istifadə edib və bu, 1991-ci il müstəqillik aktına gedən yolu möhkəmləndirib.

Komitə sədri çıxışında vurğulayıb ki, Heydər Əliyevin fəaliyyəti azad fikirli ziyalıların qorunması, milli kadrların hazırlanması, elmi və mədəni institutların dəstəklənməsi, iqtisadi inkişaf və milli resursların qorunması kimi sahələrdə müstəqilliyə gedən yolu gücləndirib. O əlavə edib ki, 1995-ci ildə qəbul edilən Konstitusiya dövlətin hüquqi əsaslarını möhkəmləndirib, ordu quruculuğuna başlanılıb və ölkə iqtisadi inkişaf yoluna çıxıb.

S.Qurbanov qeyd edib ki, 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının birliyi və ordumuzun gücü sayəsində şanlı qələbə ilə nəticələnib. İşğal altında olan torpaqların böyük hissəsi azad edilib və Şuşada dalğalanan bayraq müstəqilliyin simvoluna çevrilib.

Deputat əlavə edib ki, suverenlik tam olaraq 2023-cü ilin sentyabrında bərpa olunub. Qarabağda qeyri-qanuni separatçı qurum ləğv edilib və Azərbaycan Konstitusiyasının qüvvəsi ölkənin bütün ərazilərində təmin olunub.

Komitə sədri vurğulayıb ki, müstəqilliyi qorumağın ən yaxşı yolu onu təhsildə, elmdə, iqtisadiyyatda və mədəni sahələrdə inkişaf etdirməkdir.

Sonda Sadiq Qurbanov konfrans iştirakçılarına çağırış edib:“Güclü dövlət və ordu quruculuğunu davam etdirmək, milli birliyi qorumaq, vətəndaşların rifahını və hüquqlarını təmin etmək, hər qarış torpaqda üçrəngli bayrağı uca saxlamaq lazımdır.”

O bildirib ki, müstəqilliyi yalnız qorumaq kifayət deyil, onu inkişaf etdirmək vacibdir. Gənclərin milli ruhda və müasir biliklərlə yetişdirilməsi isə gələcəyin suverenliyinin təminatıdır.

Sadiq Qurbanov çıxışını bu sözlərlə yekunlaşdırıb:"Qoy bu müstəqillik əbədi olsun, qoy suverenliyimiz dönməz olsun! Yaşasın müstəqil və suveren Azərbaycan!"