Dövlət üçün suverenlik və müstəqillikdən, vətəndaş üçünsə azadlıqdan müqəddəs heç nə yoxdur. Zəngin tarixi keçmişə sahib olan Azərbaycan xalqı azad yaşamaq uğrunda həmişə mübarizə aparmışdır. Xalqımız bir gerçəkliyi heç vaxt unutmamışdır: suveren dövlət qurmadan azad yaşamaq mümkün deyildir.

Azərbaycan 1918–1920-ci illərdə müsəlman Şərqində ilk parlamentli, demokratik və dünyəvi dövlət qurmuş, lakin xalqımızın böyük mübarizələr və savaşlar bahasına əldə etdiyi bu müstəqillik uzun sürməmiş, cəmi 23 ay yaşamışdır. Tarixi baxımdan 23 ay çox qısa bir zaman olsa da, əhəmiyyəti etibarilə xalqımızın qan yaddaşına əbədi həkk olunmuşdur.

1991-ci ildə yenidən əldə etdiyimiz müstəqillik, ötən əsrin əvvəllərində yaşanmış şərəfli tarixin xalq şüurunda yaratdığı milli oyanışın və azadlıq eşqinin bəhrəsi idi. Həmin il avqustun 30-da Azərbaycanın müstəqilliyi haqqında Bəyannamə, oktyabrın 18-də isə Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olundu. Bununla da Azərbaycan müstəqil, demokratik, dünyəvi və suveren dövlət kimi yenidən mövcudluğunu dünyaya bəyan etdi. Dünya ictimaiyyəti də müstəqil Azərbaycanı tanıdı və qəbul etdi. Lakin müstəqilliyimizin ilk illərində xalqımız sözün həqiqi mənasında ağır və məşəqqətli günlər yaşamağa başladı.

Hələ 1988-ci ildən Ermənistan Respublikası Azərbaycana qarşı torpaq iddiası irəli sürmüşdü. Nəticədə Ermənistandakı doğma torpaqlarından deportasiya edilmiş soydaşlarımız Azərbaycana pənah gətirmişdi. Qarabağın dağlıq hissəsi və ətraf ərazilər erməni silahlı birləşmələri tərəfindən işğal edilmiş, həmin torpaqlarda Azərbaycanın suverenliyi pozulmuşdu.


Dövlətçiliyimizin üzərinə qara buludların çökdüyü bir zamanda respublikanın o vaxtkı səriştəsiz rəhbərləri taleyüklü vəzifələrin öhdəsindən gələ bilmirdilər. Belə bir şəraitdə xalqımız pozulmuş suverenliyin bərpası üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevə üz tutdu.

Görkəmli dövlət xadimi, dünya şöhrətli siyasətçi, dahi şəxsiyyət Heydər Əliyevin xalqın tələbi ilə Bakıya qayıdaraq əvvəlcə Milli Məclisin sədri, daha sonra Prezidentin səlahiyyətlərini icra edən şəxs və nəhayət Azərbaycan Respublikasının Prezidenti seçilməsi dövlətimizi məhv olmaq təhlükəsindən xilas etdi, ölkəni vətəndaş müharibəsindən qorudu.

Heydər Əliyevin qətiyyəti sayəsində 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı alındı, qanunsuz silahlı dəstələr ləğv olundu, cinayətkarlıq azaldıldı, mütəşəkkil ordu quruldu və dövlət müstəqilliyi qorunub saxlanıldı.

O dövrdə dövlətimizin suverenliyinə əsas təhdid Qarabağ uğrunda gedən müharibə idi. Ulu Öndər Heydər Əliyev yaxşı bilirdi ki, müasir silah və texnika ilə təchiz olunmuş Ermənistana və Qarabağdakı separatçılara qarşı nizamsız dəstələrlə mübarizə aparmaq mümkün deyil. Ona görə də atəşkəs əldə edib güclü dövlət və qüdrətli ordu yaratmaq əsas prioritetə çevrildi. Məhz bu siyasət nəticəsində 1994-cü ilin mayında Ermənistanla atəşkəs sazişi imzalandı və bununla da dövlətimizin intibah dövrü başlandı.

1994-cü il sentyabrın 20-də Heydər Əliyevin siyasi iradəsi və uzaqgörənliyi ilə “Əsrin müqaviləsi” imzalandı. Bakı–Tbilisi–Ceyhan neft kəməri, Bakı–Tbilisi–Ərzurum qaz xətti, “Şahdəniz-2”, TANAP və TAP kimi transmilli layihələr bu müqavilənin uğurlu nəticələri oldu.

Lakin təəssüf ki, Azərbaycanın pozulmuş suverenliyinin tam bərpası Ümummilli Liderə nəsib olmadı. Onun siyasi kursunu layiqli şəkildə davam etdirən Prezident İlham Əliyev bu istiqamətdə yorulmadan çalışdı. 44 günlük Vətən müharibəsində əldə olunan qələbə nəticəsində Azərbaycanın ərazi bütövlüyünün böyük hissəsi bərpa edildi.

Nəhayət, 2023-cü il sentyabrın 19-da Qarabağda törədilən təxribatlara cavab olaraq həyata keçirilən antiterror əməliyyatı cəmi 23 saat davam etdi və sentyabrın 20-də başa çatdı. Azərbaycan Ordusu qarşısına qoyulan bütün vəzifələri yerinə yetirərək dövlətimizin suverenliyini tam bərpa etdi.

Prezident İlham Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq 2023-cü il sentyabrın 20-də ölkəmizin bütün ərazisində qanunun aliliyinin təmin olunduğunu nəzərə alıb, hər il sentyabrın 20-nin “Dövlət Suverenliyi Günü” kimi qeyd edilməsi barədə sərəncam imzaladı.

2025-ci ilin “Konstitusiya və Suverenlik ili” elan olunması təkcə yubiley xarakteri daşımır. Bu qərar dövlətçilik prinsiplərinin möhkəmləndirilməsinə, milli həmrəyliyin gücləndirilməsinə və hüquqi dövlətin inkişafına xidmət edir.

Prezident İlham Əliyevin siyasi fəaliyyətinin əsas istiqamətlərindən biri məhz dövlət suverenliyinin qorunması və möhkəmləndirilməsidir. Bir çox ekspertlər bunu onun ən böyük xidmətlərindən hesab edirlər. Bu fikri təsdiqləyən əsas məqamlar bunlardır:

-2003-cü ildən bəri müstəqilliyin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən siyasət Azərbaycanın beynəlxalq arenada suveren qərarvermə imkanlarını genişləndirdi. Enerji resurslarının idarə olunması və transmilli layihələrdə müstəqil mövqe suverenlik prinsipini gücləndirdi.

-Silahlı Qüvvələrin modernləşdirilməsi və müdafiə sənayesinin inkişafı dövlətin öz ərazi bütövlüyünü qoruma qabiliyyətini artırdı.

-44 günlük Vətən müharibəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazilərinin böyük hissəsi işğaldan azad edildi.

-Qlobal güclərlə balanslı əməkdaşlıq siyasəti – həm Qərb, həm də qonşu dövlətlərlə strateji münasibətlərin qurulması – Azərbaycanın suveren qərarvermə imkanlarını qorudu.

Prezident İlham Əliyevin fərmanı ilə “Dövlət Suverenliyi Günü”nün təsis olunması tarixi irsin qorunması və milli kimliyin gücləndirilməsi baxımından mühüm addımdır.

Azərbaycanın dövlət suverenliyi yalnız 1991-ci ildə müstəqilliyin elan olunması ilə deyil, sonrakı illərdə bu müstəqilliyin praktik məzmuna qovuşması ilə reallaşdı. Prezident İlham Əliyevin 2003–2025-ci illər ərzində həyata keçirdiyi çoxşaxəli siyasət – iqtisadi, hərbi, diplomatik və ideoloji sahələrdə atdığı addımlar – bu prosesi tamamladı. Buna görə də müasir dövrdə dövlət suverenliyinin qorunması və möhkəmləndirilməsi onun ən böyük tarixi xidmətlərindən biri kimi qiymətləndirilir.

Vüqar Sərdarov
YAP Səbail rayon ərazi təşkilatının sədri, Azərbaycan Respublikası Auditorlar Palatası Beynəlxalq Əlaqələr şöbəsinin müdiri