Sadiq Qurbanov 

Milli Məclisin bugünkü iclsında Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri 

Bu gün – 21 sentyabr Beynəlxalq Sülh Günüdür.

1981-ci ilin sentyabr ayından qeyd olunan Sülh Günü sentyabr ayının hər üçüncü çərşənbə axşamı keçirilməkdə idi. Lakin 2001-ci ildə Birləşmiş Krallıq tərəfindən təklif olunan qətnamə ilə 2002-ci ildə BMT 21 sentyabr tarixini Sülh Günü üçün dəqiq tarix kimi müəyyənləşdirdi və bu tarixi ümumdünya atəşkəs günü elan etdi. Beynəlxalq Sülh günü BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında yerləşən “Sülh Zəngi”nin çalınması ilə başlayır. Yaponiya Parlamentinin hədiyyəsi olan bu zəngin üzərində “Yaşasın Mütləq Dünya Sülhü!” sözləri yazılıb. 2007-ci ildə BMT-nin Baş katibi Pan Gi Mun həmin “Sülh Zəngi”ni çalaraq dünyanı bütün döyüş əməliyyatlarını, ədavəti 24 saat ərzində dayandırmağa və bir dəqiqəlik sükuta çağırmışdı.

Azərbaycan hər zaman sülhə və onun yaratdığı dəyərlərə sadiq olub. Belə ki, ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra beynəlxalq hüquqa əsaslanan sülh siyasəti yürütməkdədir.

Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz regionda yeni reallıqlar formalaşdıraraq ədalətə, qarşılıqlı hörmətə və beynəlxalq hüququn prinsiplərinə əsaslanan sülh gündəliyini irəli sürməkdədir. Azərbaycan tərəfindən təqdim olunan sülh modeli dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı kimi bəşəriyyətin qəbul etdiyi prinsipləri özündə ehtiva edir. Bu siyasətin praktiki təzahürü kimi bu yaxınlarda Vaşinqtonda keçirilən Donald Trampın təşəbbüsü ilə cənab İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan görüşləri xüsusi qeyd olunmalıdır. Həmin görüşlər ikitərəfli münasibətlərin normallaşması ilə yanaşı, bütövlükdə Cənubi Qafqazda dayanıqlı sabitlik və barışın təmin olunması üçün əhəmiyyətli addım kimi dəyərləndirilməlidi. Müharibədən sonrakı dövrdə Azərbaycan öz sülh modelini diplomatik müstəvidə atdığı praktiki addımlarla sübut edir. Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı quruculuq işləri, yolların, tunellərin, hava limanlarının inşası, şəhərlərin və kəndlərin bərpası, məcburi köçkünlərin doğma yurdlarına qayıdışı üçün yaradılan şərait dünya ictimaiyyəti üçün barışın real nəticələrinin nümunəsi kimi təqdim olunur. Azərbaycan bu təcrübəsi ilə nümayiş etdirir ki, müharibədən sonra dağıntıların yerində tərəqqi və inkişafın təməli qoyulur.

Ulu Öndər Heydər Əliyev hələ ötən əsrdə qeyd etmişdir ki, “sülh olmadan inkişaf ola bilməz, sülh xalqın təhlükəsizliyinin, sabitliyin və tərəqqinin əsas təminatçısıdır”. Bu fikir bu gün də öz aktuallığını qoruyur və Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yalnız regionda yox, bununla yanaşı, beynəlxalq səviyyədə sülhün, sabitliyin və əməkdaşlığın təşviqinə töhfə verən mühüm aktor statusunu daşıyır. Ölkə rəhbərinin BMT Baş Assambleyasındakı çıxışları, Qoşulmama Hərəkatına sədrlik fəaliyyəti və digər beynəlxalq platformalarda irəli sürdüyü təşəbbüslər Azərbaycanın sülhün və ədalətin qlobal müstəvidə müdafiəçisi olduğunu təsdiqləyən faktdır. Azərbaycanın bu gün enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya xətləri, “yaşıl enerji” təşəbbüsləri və çoxtərəfli diplomatik fəaliyyəti qlobal miqyasda gedən proseslərə təsir edən əsas amillərdəndir. Bu təsir Azərbaycanı regional lider olmaqla yanaşı, həm də beynəlxalq arenada sülh və inkişafın tərəfdarı kimi tanıdır. 

Beynəlxalq Sülh Günü bütün bəşəriyyətə xatırladır ki, davamlı inkişaf, təhlükəsizlik və rifah yalnız sülh şəraitində mümkündür. Azərbaycan öz sülh modelini irəli sürərək, Qarabağda bərpa və quruculuq işləri ilə bu modelin real nəticələrini nümayiş etdirir, həm regionda, həm də qlobal miqyasda barışa töhfə vermək əzmini göstərir. Bu əlamətdar gündə qeyd etməliyik ki, Azərbaycan sabitliyin, əməkdaşlığın və qarşılıqlı etimadın tərəfdarı olaraq beynəlxalq sülhün möhkəmlənməsi istiqamətində ardıcıl addımlar atmağa davam edir.

Bir daha Beynəlxalq Sülh Gününüz mübarək!