Nurəddin İsmayıl
27 sentyabr Anım Günüdür. 44 gün davam edən İkinci Qarabağ müharibəsində həlak olan hərbçilərin xatirəsinin anılmasına həsr olunmuş gün. 30 ildən artıq davam edən işğalın, təcavüzün sonunun başlandığı gün. Rəşadətli, hər biri bir qəhrəmanlıq dastanı yazan hərbçilərimizin ölümsüzlük şəhadətinə qovuşduğu gün.
O “qana qan” döyüşünə ordumuzun səfərbər olduğu gündən bizi beş il ayırır. Günü-gündən azğınlaşan, heç bir beynəlxalq hüququ saya salmayan, mülkü əhalimizi hərbi təcavüzün hədəfinə çevirən, həyasızcasına yeni təcavüz planları quran düşməni dayandırmağın, başını əzməyin, yerinə oturtmağın, xar etməyin zamanı gəlmişdi.
Düşmənə, bir zamanlar Şuşada bizə göz dağı verir deyə, havalanıb yallı getməsinin, Kəlbəcərin, Laçının buz bulaqlarından içib, yaylaqlarında kef çəkməsinin, Zori Balayan kimi alçaqların körpə qız uşağının dərisini soyub, ölümünü soyuqqanlılıqla izləməsindən fəxrlə danışmasının, erməni ordusunu 300 spartalıya bənzədib təkəbbür göstərməsinin əzabını yaşatmağın vaxtı çatmışdı.
Hər kəs səfərbər olma haqqında əmrin gözləntisində idi. Ali Baş Komandanın verdiyi əmrlə Ordumuz hərəkətə keçəcək və cəmi 44 gün ərzində işğal olunmuş ərazilərimizin əsas hissəsi ard-ardınca düşməndən azad olunacaqdı. Düşmən görəcəkdi ki, 300 spartalı, əslində bir həmlədən sonra başını götürüb tülkücəsinə döyüş meydanından qaçan onun fərari əsgəri yox, istər relyef baxımından, itərsə hərbi istehkamlarla alınmaz qalaya çevrilən Şuşanı fəth edən Azərbaycan hərbçisidir. Məlum olacaq ki, arxasından rus ağası çəkilən bu soysuz tayfanın əsgəri, döyüş meydanında əsgərimizlə üz-üzə qalanda necə misgin, necə rəzil bir halətə düşərmiş. Bu döyüş, Rusiyanın 200 il əvvəl ermənilərin tarixi ərazilərimizə zorla yerləşdirilməsi ilə bağlı yürütdüyü “köçürmə siyasəti”nin 200 il sonra iflasa uğradığı və ermənilərin könüllü olaraq ərazilərimizi tərk etməyə məcbur edildiyi start döyüşü idi.
Ardınca, 44 günlük müharibənin acı nəticələrindən nəticə çıxarmadıqlarına görə bir günlük antiterror əməliyyatı keçiriləcək və düşmənin son tör-töküntüləri, özlərinin himayədarı saydıqları və sülhməramlı kontingent adı ilə Qarabağa yerləşdirilən rus hərbçilərinin gözü qarşısında, 200 ildən çox komfort həyat sürdükləri Qarabağımızla əbədi vidalaşacaqdılar.
Erməni başbilənləri yaranışın başlanğıcının haylarla başlaması haqqında çürük fəlsəfi düşüncələrlə zavallı millətini sağalmaz “erməni xəstəliliyi”nə sürükləsələr də, “sənin olmayan, sənin deyil” fəlsəfi düşüncədən uzaq düşdülər. Bunların düşdüyü halət qarın otarmaq üçün sahibsiz bildiyi yoncalığa girən, lakin nə köpməkdən, nə də yonca sahibinin onun başına endirəcəyi dəyənəyin fərqində olmayan qoyunun halətinə bənzəyir.
Bu müharibə dünənə qədər qaranlıq qalan çox mətləblərə işıq saldı. Ruspərəstlərə rus siyasətinin iç üzünü, işğalçı, ekspansionist mahiyyətini, iranpərəstlərə fars rejiminin tükənməyən erməni sevgisini və antitürk xislətini, müharibənin həllədici gedişində namərdcəsinə arxadan necə zərbə vurduğunu, Qərbdən mədət umanlara Qərbin 30 illik ədalətsiz ikili standartlarının nədən qaynaqlandığını yaxşıca anlatdı.
Bu müharibə dünənə qədər buraxdığımız səhvləri, naşılıqları, siyasi yanlışlıqları, başımıza gələn müsibətlərin hansı tarixi səbəblərdən qaynaqlandığını ortaya qoyduğu kimi, son beş ildə dövlət babanın izlədiyi xarici siyasətin, hərbi strategiyanın düzgünlüyünü, hansı dövlətlə yaxınlıq etməyin, hansı dövlətlə məsafə saxlamağın uğurlu olduğunu, ölkəmizin tutduğu strateji coğrafi mövqedən lazımınca faydalanmanı qaçılmaz olaraq gündəmə gətirdi.
Beynəlxalq güclər daha çoz güclü olanın tərəfindədir. Azərbaycan öz iqtisadi, siyasi, hərbi gücünü və artıq bu gücə arxalanan ədalətli mövqeyini ortaya qoydu. Ona verilən tarixi şansdan, yeni yaranan beynəlxalq şərtlərdən tam zamanında yararlanaraq, 30 il BMT-nin, ATƏT-in ölü doğulmuş Minsk qrupunun görə bilmədiyi bir işi 44 günə bitirdi. Milli azadlıqlar, müstəmləkələrdən xilas olma, zorən cəlb olunduğun müharibədən qələbə ilə çıxmaq qansız- qadasız, itkisiz, şəhidsiz, qazisiz olmur. Azərbaycan istər milli istiqlal, rus müstəmləkəçiliyinin cəngindən qurtarma, istərsə də Qarabağın azadlığı uğrunda çox itkilər vermiş, onminlərlə övladımız şəhadətə qovuşmuşdur.
Dövlət başçısının 27 sentyabrı şəhid olan hərbçilərimizin Anım günü kimi xatirəsinin anılması barədə sərəncamı onların ruhuna olan sayqıdan irəli gəlir.
Allah hərbçilərimiz də daxil olmaqla bütün şəhidlərimiz rəhmət eləsin, hər birinin ruhu şadolsun.

Şərhlər
Nurəddin bəy.elə30idir gedirikammaişıqgörünmür.Getdikcə hava daha da qaralır.Bəlkə Siz görmürsünüzDaha cətin qaranlığa düşmüsünüz?Saahın işqlı olacaına ümidi olan vətndaş tanıyırsınız?Pafosu kənara qoy!