Menu

Donbasda 80 nəfər acından ölüb-Separatçılar əhaliyə dəhşət yaşadır

23.12.2014, 17:38
Donbasda 80 nəfər acından ölüb-Separatçılar əhaliyə dəhşət yaşadır

Ukraynanın şərqində, rusiyameylli separatçıların nəzarətində olan ərazilərdə aclıq və səfalət hökm sürür. Virtualaz.org saytı “Alman dalğası” radiostansiyasına istinadən xəbər verir ki, bu ərazilərdə sosial xidmətlər dağıdılıb, əhali aylardır pensiya, maaş və sosial ödəmələri almır.

“Yeni hakimiyyətin” çoxmilyonlu Donbas əhalisinə maddi yardım göstərməsi sosial gərginliyi azaltmır. Kiçik şəhərlərdə xüsusilə ağır vəziyyət hökm sürür, bu rayonlara humanitar yardım çatdırmaq çətindir.

Ukraynanın antiböhran media mərkəzinin Donbasda aclıq çəkənlərə pulsuz yemək paylanmasını təşkil edən könüllülərə istinadən yaydığı məlumata görə, dekabrın 19-na qədər separatçıların nəzarətində olan ərazilərdə azı 80 nəfər acından ölüb. Bu ölüm halları Krasnopartizansk, Snejnıy və Kirovka qəsəbələrində baş verib.

Könüllülərin bildirdiyinə görə, acından ölənləri morqda ürək tutmasından və müxtəlif xəstəliklərdən ölənlər kimi rəsmiləşdirirlər.

Separatçıların nəzarətində olan ərazilərin sakinləri də aclıq çəkdiklərini “Alman dalğası”ına danışıblar. Luqansk vilayətinin Kirovsk qəsəbəsinin sakini olan qadın deyir ki, onun azyaşlı uşaqları acından ölmək üzrədir.

“Kartofu mənə qohumum öz dirriyindən verir, makaronu isə rəfiqəm. Mən uşaqlarıma bazarda 40 qrivenə satılan 3 litrlik süd bankası da ala bilmirəm, çünki heç 2 qrivenim də yoxdur” - qadın danışır.

Onun dediyinə görə, qonşu ailədə bu yaxınlarda körpə acından ölüb. Çünki anası onu ancaq çöldən topladığı yerkökü ilə qidalandırmağa məcbur idi.

“Həkimlər isə onun guya zəhərlənmədən öldüyünü yazdılar” - qadın bildirib.

O danışıb ki, qondarma “Luqansk xalq respublikası”nın nümayəndələri əhaliyə sonuncu dəfə sentyabrda 1 kiloqram qarabaşaq və 1 kiloqram un paylayıblar. O vaxtdan bu yana heç bir yardım yoxdur.

“Əhalinin yarısının yeməyə heç nəyi yoxdur, digər hissəsi bostanlardan qidalanır. Kim pensiyasını Kiyevin nəzarətində olan ərazilərdə rəsmiləşdirə bilibsə, onun hesabına yaşayır. Bizdə faktiki olaraq acların üsyanı olub. Ötən həftə 50-yə yaxın adam toplaşdı və “Luqans xalq respublikasının” yerli nümayəndələrinin yanına getdi. Dedilər ya kömək edin, ya da öz bayraqlarınızı cırıb Ukraynanın tərkibinə qayıdın! Bu aclıq hamını bezdirib” - sakin deyir.

Onun dediyinə görə, separatçıların təmsilçiləri etiraz edənləri qovublar. Donbasdan olan milyarder Rinat Axmedovun xeyriyyə fondunun qərargahında deyirlər ki, regionun kiçik şəhərlərində vəziyyət daha acınacaqlıdır. Fondun humanitar reysləri müntəzəm olaraq bölgəyə ərzaq və uşaq dəstləri çatdırır. Lakin yüklər həmişə ünvana çatmaya bilər.

Fondun nümayəndəsi Darya Kasyanova deyir ki, Luqansk vilayətinin qəsəbələrində, o cümlədən Sverdlovsk ətrafında çoxlu yaşlı, kimsəsiz adamlar aclıqdan öləcəkləri günü gözləyir.

Mariupol ətrafındakı internatda isə ağır xəstə uşaqlar aclıq çəkir.

“Bizim yardımlarımız ünvana çatmır, yaraqlılar bizi buraxmır, elə hallar olur ki, Ukrayna tərəfi də bizi buraxmır. Nəticədə dinc sakinlər aclıq içində qalıb. Aydındır ki, regionun bir çox şəhərlərində məhkəmə tibbi ekspertizası yoxdur, acından ölənlərin ölüm səbəbi qeydə alınmır. Ancaq bizim könüllülərimiz insanların aclıqdan ölmək üzrə olduğunu qeydə alıblar” - Kasyanova bildirib.

Beynəlxalq Qırmızı Xaç Komitəsi də separatçıların nəzarətində olan ərazilərə humanitar yardımlar çatdırmağa çalışır. Təşkilatın əməkdaşının həlak olmasından sonra fəaliyyəti bir müddət dayandırılsa da yenidən bərpa edilib.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin təmsilçisi bildirir ki, acından ölənlərin olduğu barədə onlarda informasiya yoxdur: “Lakin bizə məlumdur ki, situasiya olduqca ağırdır”.

Donbasın Ukrayna tərəfindən təyin edilmiş hakimiyyət orqanları isə bildirir ki, separatçıların nəzarətində olan ərazilərdəki vəziyyəti izləyə bilmirlər və bu üzdən kömək etmək mümkün deyil.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol