Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) 2020-2023-ci illərdəki qanun pozuntuları ilə bağlı hərtərəfli araşdırma aparılır.
Onun sözlərinə görə, həmin cinayət işində bir neçə epizod üzrə istintaq aparılıb: "Məndə olan məlumata görə, artıq bəzi epizodlarda ibtidai istintaq tamamlanıb. Cinayət işləri baxılması üçün məhkəməyə göndərilib".

Söhbətin AMEA-ya kimin rəhbərliyi dövründən və hansı cinayətlərdən getdiyini anlamaq elə də çətin deyil. Məlum olduğu kimi, Prezident Administrasiyasının rəhbəri vəzifəsindən çıxarılandan sonra 2019-2022-ci illərdə AMEA-ya Ramiz Mehdiyev rəhbərlik edib. O olan yerdə isə korrupsiya, rüşvət faktları olmaya bilməzdi…
Kamran Əliyevin barəsində danışdığı cinayət işinə gəlincə, hələ ötən il Hesablama Palatasından daxil olmuş material əsasında AMEA-nın fəaliyyətində aşkar edilmiş qanun pozuntuları ilə bağlı aparılmış araşdırma üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.
Sözügedən qurumun 2020-2023-cü illərə dair fəaliyyəti üzrə Hesablama Palatasının keçirdiyi audit yoxlamaları nəticəsində AMEA-nın vəzifəli şəxsləri tərəfindən külli miqdarda dövlət vəsaitinin təyinatı üzrə istifadə edilməməsi, habelə digər qanun pozuntularının törədilməsinə əsaslı şübhələr müəyyən edilib. Qeyd edilən faktlarla bağlı aparılmış araşdırma üzrə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqı həyata keçirilib.
Baş prokurorun dediklərindən belə məlum olur ki, bir çox epizodlar üzrə iş məhkəməyə göndərilib. Bu, o deməkdir ki, yaxın müddətdə məhkəmədə və media səhifələrində “AMEA işi”-nin şahidi ola bilərik. Bu işdə baş fiqurun kimin olmalı olduğunu isə xüsusi qeyd etməyə yəqin ki, ehtiyac yoxdur…
C.Məmmədli
“AzPolitika.info”

Şərhlər
Yəni Ramiz Mehdiyevi tutub soxacaqlar İçəri?
Hörmətli Baş Prokuror niyə Mehdiyevin mal varlığı ilə maraqlanmır?Axı vilalar.bağ,bank.evlər və bir çoxları aldığı ımaaşa adekvat deyil.Bunların yalnız rüşvət.kadr təyinatları.korrupsiya yolu ilə əldə etdiyi aşkardır.
Mən inanmıram ki, orada böyük "yeyintilər" olsun, olsa-olsa "qəlyanaltılıq" nə isə ola bilər..."nüş olsun"...
Bəs Mehdiyevin Prezident Aparatında işlədiyi zamankı (rüşvət.kadr yerəşdirmə.ev yıxma ) əməlləri?Gülərdən sorun.