Oktyabrın 2-nə keçən gecə Moskvada milyarder İbrahim Süleymanov həbs edilib.

“AzPolitika” xəbər verir ki, Rusiya mediasının yazdığına görə, Süleymanov keçmişdə baş vermis qətl sifarişində ittiham olunur. Müstəntiqlər onun məhkum olunmasını tələb edirlər.

Hüquq-mühafizə orqanlarındakı mənbənin sözlərinə görə, Süleymanov uzun müddətdir ki, rəqiblərinə qarşı repressiyaların təşkilində şübhəli bilinir. Lakin müstəntiqlər indiyə qədər bununla bağlı obyektiv sübut tapa bilməyiblər. Ancaq 2025-ci ildə onlar oliqarxın əleyhinə ifadə verən şahidin yerini müəyyən edə biliblər.

Süleymanov Maliyyə Bərpası və İflas üzrə Federal Xidmətin (FSFR) keçmiş rəhbərinin qətlini sifariş etməkdə şübhəli bilinir. REN TV-nin məlumatına görə, Süleymanov FSFR-in rəhbəri Georgi Talın qətlində ittiham olunur. O, Moskva hava limanları ilə bağlı iş də daxil olmaqla korporativ müflisləşmə ilə məşğul olub.

Bundan əvvəl eyni iş üzrə digər şübhəli – Abakar Darbişev saxlanılmışdı. O, ehtimal olunan icraçı kimi ifadə verərək Süleymanovu göstərib. Lakin bəzi anonim mənbələrin iddiasına görə, Darbişev hüquq-mühafizə orqanlarının maşınında müəmmalı şəkildə dünyasını dəyişib.

Bundan başqa, bir neçə teleqram kanalında yayılan məlumata əsasən, Süleymanovun adı həmçinin 1999-cu ildə “Vnukovskiye avialiniyi” şirkətinin həmkarlar komitəsi sədri Gennadi Borisovun qətli ilə də əlaqələndirilir.

Süleymanovu Rusiya mediası “kölgə milyarderi” və “Rusiya biznesinin ən sirli milyarderi” adlandırır. “Sirena-Travel” şirkəti Rusiya aviaşirkətlərinin satılan biletlərinin 80 faizinə nəzarət edir və “Leonardo” rezervasiya sistemi üzərindən fəaliyyət göstərir.

Xatırladaq ki, 2023-cü ildə ukraynalı hakerlər şirkətin bazasını sındıraraq 2007–2023-cü illər ərzində rusiyalıların aviauçuş məlumatlarını dərc etmişdilər. Bu məlumatlarda dövlət rəsmilərinin, o cümlədən prezident Vladimir Putinin təyyarə marşrutları da yer alırdı.

Məlumata görə, Süleymanov keçmiş YUKOS ortağı Platon Lebedevin kürəkənidir. Platon Lebedev vaxtilə Mixail Xodorkovski ilə birlikdə məhkum edilmişdi. Bundan başqa, Süleymanovun Rusiya Federasiya Şurasının üzvü, tanınmış oliqarx Süleyman Kərimovla biznes ortaqlığı olduğu bildirilir.

Onu da qeyd edək ki, Dağıstan əsilli milyarder əvvəllər dələduzluq və çirkli pulların yuyulmasında təqsirli bilinib. Hətta buna görə o, 2004-cü ildə həbs də edilib.

Süleymanov və onun ortağı Tatevos Surinov aviasiya texnikasını mənimsəməkdə və çirkli pulların yuyulmasında ittiham olunublar. İtkilər 4,5 milyon dollardan çox olub. 2015-ci ildə Süleymanov şərti azadlığa buraxılıb.

Hazırkı həbsin gerçək motivləri və bunun doğrudan da sözügedən şəxsin qətlilə bağlı olub-olmadığı yaxın vaxtda bilinəcək.

“AzPolitika.info”