İsrail Təhlükəsizlik Kabinetinin Qəzzada atəşkəs razılaşmasını təsdiqləməsindən sonra İsrail ordusunun bölgədə işğal etdiyi bəzi ərazilərdən qismən geri çəkilməyə başladığı bildirilir.

İsrail mediasının məlumatına görə, atəşkəs razılaşmasının qüvvəyə minməsindən dərhal sonra ordunun müəyyən mövqelərdən çıxarılması prosesi başlayıb.

Təhlükəsizlik Kabineti dünən Baş nazir Benyamin Netanyahunun rəhbərliyi ilə toplanaraq Hamas ilə əldə olunan atəşkəs razılaşmasını müzakirə edib. Toplantıda ABŞ Prezidenti Donald Trampın Orta Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff və Cared Kuşner də iştirak edib. Məlumata görə, beş ifrat sağçı nazir razılaşmaya qarşı çıxsa da, atəşkəsin ilk mərhələsi təsdiqlənib.

İsrail dövlət televiziyası "KAN"-ın xəbərinə əsasən, qərarın qəbulundan sonra ordunun bir hissəsi Qəzzədə işğal altında saxlanılan bölgələrdən “tənzimlənmiş mövqe xətlərinə” doğru geri çəkilməyə başlayıb. İsrail Ordu Radiosu da bir neçə briqadanın Qəzza zolağından çıxarıldığını təsdiqləyib.

Bölgədən yayılan görüntülərdə çəkilmə əməliyyatının ardından sərhəddə hərbi hərəkətlilik müşahidə olunub. Kadrlarda çox sayda tank və zirehli texnikanın Qəzza ərazisindən çıxarıldığı görünüb.

"AzPolitika.info"