Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Tacikistanın paytaxtı Düşənbədə Azərbaycan və Rusiya prezidentlərinin görüşü barədə partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb.
Müsahibəni təqdim edirik:
– Qüdrət bəy, Azərbaycan və Rusiya prezidentlərinin görüşünü necə qiymətləndirirsiniz?
– Xalqımız necə qiymətləndirdisə, mən də elə. İnanırdım ki, prezidentlər görüşüb yaranmış gərginliyi aradan qaldıra bilərlər. Azərbaycan həmişə Rusiya ilə qarşılıqlı hörmətə əsaslanan, bərabərhüquqlu münasibətlərin inkişafının tərəfdarı olub. Yaranmış gərginlik, Rusiyanın AZAL-a məxsus sərnişin təyyarəsinin Rusiyanın hava məkanında vurulmasından sonra, Moskvanın sərgilədiyi anlaşılmaz və qəbulolunmaz mövqeyinə görə idi. Azərbaycan Prezidenti baş verənlərə adekvat, prinsipial, eyni zamanda təmkinli yanaşmaqla münasibətlərin tamamilə geridönməz şəkildə korlanmasının qarşısını aldı. Halbuki, bunu arzulayanlar da az deyildi.
Rusiya Azərbaycanın bu mövqeyini qiymətləndirməyi bacardı və atmalı olduğu addımı atdı. Azərbaycanın və Rusiyanın strateji maraqları dost və müttəfiq olmağı tələb edir. İlham Əliyev dövlətin və xalqın maraqlarını uzlaşdırmağı bacardı. Dünənki görüş məhz bu səbəbdən xalqımız tərəfindən böyük diplomatik uğur kimi qəbul olundu.
– Prezidentlər arasında daha hansı məsələlərin müzakirə mövzusu ola biləcəyini düşünürsünüz?
– Fikrimcə, Rusiyada yaşayan azərbaycanlıların hüquqlarının qorunması və onların təqibinə son qoyulması ilk müzakirə olunan məsələlərdən biri olub. Eyni zamanda azərbaycanlıların qanunsuz neft satışına cəlb olunması, Rusiyadan İrana Azərbaycan üzərindən qaz kəmərinin çəkilməsinə Azərbaycanın razılığı müqabilində Türkmənistandan Azərbaycana Transxəzər qaz kəmərinin çəkilməsinə Rusiyanın problem yaratmaması, həmçinin Şimal–Cənub nəqliyyat dəhlizinin inkişaf etdirilməsi də yəqin ki, müzakirə olunan məsələlər sırasındadır. O cümlədən təhlükəsizlik və bütün istiqamətlər üzrə əlaqələrin inkişaf etdirilməsi məsələlərinin də gündəmdə olduğu şübhə doğurmur.
“AzPolitika.info”

Şərhlər
Qüdret əkə görəsən putnlə görüşü heç olmasa internetdən oxuyub?
Putin dünən nə üzr istədi nədə ki, kompensasiya haqqında bir şey dedi. Dəyən ziyan haqqındada bir şey söyləmədi, yəni bizim heç bir tələbimizi yetirmədi.
Maraqlidi, Üedret mellimin diplomatiya seviyyesi necedi? Oxuyub diplomatiya nedi? Bashcimiz bilir !! Bes o ?