Menu

Britaniya kralının qardaşı Epişteyn qalmaqalına görə titullarından imtina etdi

18.10.2025, 13:51
Britaniya kralının qardaşı Epişteyn qalmaqalına görə titullarından imtina etdi

Böyük Britaniya kralı III Karlın qardaşı, şahzadə Endryu “York hersoqu” titulundan və “Podvyazka ordeni” rütbəsindən imtina etdiyini açıqlayıb.

“AzPolitika” xəbər verir ki, bu qərar maliyyəçi Ceffri Epişteynlə bağlı seks qalmaqalı fonunda qəbul edilib.

Şahzadənin bəyanatında bildirilir ki, qərar kral və ailə üzvləri ilə məsləhətləşmələrdən sonra verilib: “Mən vəziyyəti Kral və yaxın qohumlarımla müzakirə etdim və belə qənaətə gəldik ki, mənə qarşı davam edən ittihamlar Zati-aliləri və Kral ailəsinin fəaliyyətindən diqqəti yayındırır.”

BBC-nin məlumatına görə, Endryu “York hersoqu” titulunu və ali orden rütbəsini itirsə də, mərhum kraliça II Elizabetin oğlu olaraq “prins” titulunu və taxt-tac varisliyi sırasındakı yerini saxlayır. Hazırda o, Böyük Britaniya taxtına varislik üzrə səkkizinci yerdədir.

Xatırladaq ki, 2021-ci ildə amerikalı Virciniya Giuffre şahzadəni seksual zorakılıqda ittiham etmişdi. Onun iddiasına görə, Epişteyn onu yetkinlik yaşına çatmadan şahzadəyə “verib” və o, bu münasibətdə istismara məruz qalıb.

Prins Endryu ittihamları qəti şəkildə rədd etmişdi. Lakin qalmaqaldan sonra o, rəsmi kral ailəsi üzvü kimi fəaliyyətini dayandırmış və səkkiz fəxri hərbi rütbəsindən imtina etmişdi.

Bu qalmaqal Böyük Britaniyada monarxiyanın nüfuzuna ciddi zərbə vurmuş, kral ailəsinin ictimai imicini qorumaq məqsədilə Buckingham sarayı uzun müddət məsələni mediadan uzaq saxlamağa çalışmışdı.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol