Azərbaycanda kərə və duru yağların qiyməti artıb. Bahalaşma həm yerli, həm də xarici məhsullarda hiss olunur. Ümumilikdə yağların qiymətində 6 manatadək bahalaşma müşahidə edilir. Satıcılar bahalaşmanın səbəblərindən məlumatsız olduqlarını bildirirlər.
Bəs bahalaşma nə ilə əlaqədardır? Qiymətlərin təkrar enməsi gözlənilir, yoxsa daha da artım müşahidə oluna bilər?
Mövzu ilə bağlı "Azpolitika"ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, Azərbaycanda kərə və duru yağların qiymətinin artmasının bir neçə səbəbi ola bilər: "İlk növbədə dünya bazarında bitki, xüsusilə palma, günəbaxan və soya yağlarının qiymət dəyişiklikləri, idxal və daşınma xərcləri, valyuta məzənnələri, eləcə də istehsal və qablaşdırma xərcləri nəzərə alınmalıdır. Azərbaycan kərə yağı ilə yanaşı, duru yağların da müəyyən hissəsini xaricdən idxal etdiyinə görə beynəlxalq bazarlardakı qiymət dəyişiklikləri daxilə təsir göstərir.
Kərə yağının bahalaşmasına süd məhsullarının istehsal xərclərinin artması, heyvandarlıqda yem qiymətləri, süd istehsalının həcmi və ixrac bazarlarındakı tələb də təsir edə bilər. Duru yağlarda isə xammalın qiyməti, istehsalçı ölkələrdə məhsuldarlıq, ixrac məhdudiyyətləri və logistika xərcləri mühüm rol oynayır. Bununla belə, həm yerli, həm də xarici məhsulların eyni vaxtda bahalaşmasını yalnız dünya bazarı ilə izah etmək düzgün olmazdı. Yerli istehsalçıların qiymət siyasəti, topdansatış tədarükünün şərtləri və satış zəncirindəki əlavələr də araşdırılmalıdır. Qiymətlərin 6 manatadək artması barədə məlumatın konkret hansı yağ növlərinə, qablaşdırma həcminə və əvvəlki qiymətlərə aid olduğu dəqiqləşdirilmədən bahalaşmanın miqyasını tam qiymətləndirmək çətindir".
Ekspertin sözlərinə görə, qiymətlərin yenidən ucuzlaşmasına gəlincə, bunu indidən qəti şəkildə proqnozlaşdırmaq mümkün deyil: "Əgər bahalaşma müvəqqəti tədarük çətinlikləri və ya dünya bazarındakı qısamüddətli dəyişikliklərlə bağlıdırsa, sonradan müəyyən ucuzlaşma mümkündür. Lakin xammal, istehsal və idxal xərclərinin artımı davam edərsə, qiymətlərin əvvəlki səviyyəyə qayıtması çətinləşə, hətta əlavə bahalaşma baş verə bilər. Burada əsas məsələ bazarda qiymət artımının real iqtisadi səbəblərlə nə dərəcədə əsaslandırıldığını müəyyənləşdirməkdir. Bunun üçün idxal qiymətləri, gömrük məlumatları, topdansatış və pərakəndə satış qiymətləri müqayisə edilməlidir. Əgər idxalın maya dəyəri ciddi dəyişmədiyi halda mağazalarda qiymətlər kəskin artırılırsa, rəqabət mühitinin və ticarət əlavələrinin araşdırılması vacibdir. Çünki yağ gündəlik tələbat məhsuludur və onun bahalaşması xüsusilə aşağı gəlirli ailələrin xərclərinə birbaşa təsir göstərir".
Günəş Fərəh
Azpolitika.info


Şərhlər