Menu

"Rusiyanın bu mövqeyi dəyişməyib" - Peskov açıqladı

20.10.2025, 16:00
"Rusiyanın bu mövqeyi dəyişməyib" - Peskov açıqladı

Məlum olduğu kimi, hazırda ən çox müzakirə olunan mövzu Ukrayna müharibəsinin hazırkı təmas xəttində, yoxsa, Vladimir Putinin tələb etdiyi kimi, bütün Donetsk vilayətinin Rusiyaya verilməsindən sonra dayandırılmasıdır. Donald Tramp müharibənin hazırkı cəbhə xəttində dayandırılmasını istəyir. Ukrayna da qətiyyən Donetskin qalan hissəsini Rusiya işğalına vermək fikrində deyil. Putin isə müharibəni bitirmək üçün əsas şərt kimi məhz bu ərazilərin ona verilməsini irəli sürür. 

Kremlin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Rusiyanın Ukraynadakı vəziyyətin sülh yolu ilə həlli məsələsində mövqeyi dəyişməyib.

Peskovun sözlərinə görə, Moskva və Vaşinqton Ukrayna ilə bağlı məsələlərdə işçi və ekspert səviyyəsində əlaqələri davam etdirir:

“Bu mövzu ilə bağlı hər hansı rəsmi bildiriş ola bilməz. Biz bəyanatları eşidirik və onlara əsaslanırıq. Moskva və Vaşinqton bu istiqamətdə mövqeləri işçi və ekspert səviyyəsində müzakirə edə bilər”,-deyə Peskov qeyd edib.

Peskov həmçinin mətbuatda yer alan Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Trampın Ukrayna və Rusiya arasında mümkün ərazi mübadiləsi barədə danışıqlar apardığı iddialarına münasibət bildirməkdən imtina edib.

O, Rusiya və ABŞ liderlərinin Budapeştdə keçirilməsi planlaşdırılan sammitinə hazırlıqların hələ başlanmadığını qeyd edib:“Hazırda Budapeştdə keçiriləcək Rusiya–ABŞ sammiti ilə bağlı heç bir detal yoxdur. Xarici siyasət orqanları səviyyəsində hələ çox ‘ev tapşırığı’ görülməlidir”.

Peskov bildirib ki, Moskva sammit çərçivəsində Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə dair irəliləyiş əldə etməyi və ABŞ ilə ikitərəfli münasibətləri müzakirə etməyi planlaşdırır:“Rusiya Vaşinqtonla Ukrayna məsələsində dialoqu davam etdirəcək. Ciddi iş aparılır... Rusiya və Prezident Putinin sülh yolunda həll mövqeyi ardıcıl və yaxşı məlumdur”.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp oktyabrın 19-da “The Financial Times”da dərc olunan xəbəri təkzib etmişdi. Həmin iddiaya görə, Amerika Prezidenti Ukrayna lideri Vladimir Zelenski ilə görüşü zamanı onu Donbası bütünlüklə Rusiyaya verməyə çağırıb, əks halda Putinin Ukraynanı “məhv edəcəyini” bildirib.

"Hər şey olduğu kimi qalsın. Artıq bölünüb. Düşünürəm ki, regionun 78%-i artıq Rusiya tərəfindən işğal olunub", - Tramp sonradan təyyarəsində jurnalistlərə deyib.

"Onlar nəyisə sonra razılaşdıra bilərlər. Ancaq hələlik münaqişənin hər iki tərəfi cəbhə xəttində dayanmalıdır - evlərinə getməli, döyüşləri dayandırmalı, insanları öldürməyi dayandırmalıdır", - Ağ Ev rəhbəri bildirib.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol