Məlum olduğu kimi, ABŞ dövlət katibi Marko Rubio ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında keçirilməli olan görüş təxirə salınıb. Bu görüş ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında Budapeştdə planlaşdırılan görüşdən öncə baş tutmalı idi. 

"CNN"-in məlumatına görə, sammitin özü də baş tutmaya bilər.

Ağ Evin nümayəndəsi bildirib ki, Rubio və Lavrovun görüşü hələlik keçirilməyəcək, çünki tərəflərin Rusiyanın Ukraynaya təcavüzünün dayandırılması ilə bağlı gözləntiləri fərqlidir.

Məlumata görə, Rubio və Lavrov oktyabrın 20-də telefon danışığı zamanı Ukraynada müharibənin mümkün dayandırılması istiqamətində atılacaq addımları müzakirə ediblər. Mənbələr bildirir ki, danışıqlardan sonra rəsmi şəxslər belə qənaətə gəliblər: “Rusiyanın mövqeyi əhəmiyyətli dərəcədə dəyişməyib və əvvəlki kimi sərt olaraq qalır".

Mənbənin sözlərinə görə, Rubio yaxın həftələrdə Tramp və Putin arasında görüşün keçirilməsini tövsiyə etməyə bilər, lakin bu həftə ərzində Lavrovla yenidən əlaqə saxlaya bilər.

Xatırladaq ki, oktyabrın 16-da Tramp və Putin telefonla danışaraq Budapeştdə görüşmək barədə razılığa gəliblər. Tramp həmin danışıqlardan sonra bildirib ki, məqsəd “Rusiyayla Ukrayna arasındakı bu utancverici müharibəyə son qoymaq”dır.

"Reuters" isə yazır ki, Rubio və Lavrovun görüşü ilkin olaraq oktyabrın 23-də – cümə axşamı keçirilməli idi. Görüşün məqsədi ABŞ və Rusiya liderləri arasında sammitin hazırlanması idi.

Ukrayna Ali Radasının Xarici siyasət və parlamentlərarası əməkdaşlıq komitəsinin sədri Aleksandr Merejko isə sammitin baş tutacağına şübhə etdiyini bildirib.

"AzPolitika.info"