Menu

Pərviz Həşimliyə çıxarılan hökm qüvvədə qaldı

24.12.2014, 18:51
Pərviz Həşimliyə çıxarılan hökm qüvvədə qaldı

Dekabrın 24-də Bakı Apellyasiya Məhkəməsində jurnalist, hüquq müdafiəçisi Pərviz Həşimliyə çıxarılan hökmdən verilmiş şikayətə baxılıb.

Pərviz Həşimlini 2013-cü il sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyi tutub. Bakı Ağır Cinayətlər Məhkəməsi onu qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, satmada və qaçaqmalçılıqda təqsirli bilərək 8 il müddətinə azadlıqdan məhrum edib. Məhkəmənin bu qərarından apellyasiya şikayəti verilib.

Şikayət üzrə ilkin iclas 2014-cü il iyulun 7-də keçirilib. Pərviz Həşimlinin müdafiəçiləri işə məhkəmə istintaqı qaydasında baxılmasını istəyiblər, amma bu istək təmin edilməyib. Nəticədə jurnalistin müdafiəçiləri Ali Məhkəməyə şikayət veriblər. Şikayətə noyabrın 12-də baxan Ali Məhkəmə də Pərviz Həşimlinin apellyasiya işinə məhkəmə istintaqı qaydasında baxılması istəyini təmin etməyib. Ali Məhkəmənin qərarından sonra iş yenidən Bakı Apellyasiya Məhkəməsinə qaytarılıb.

“Media forum” saytına açıqlamasında vəkil Bəhruz Bayramov bildirib ki, 24 dekabr prosesi Bakı Apellyasiya Məhkəməsinin hakimi Vaqif Mursaqulovun sədrliyi ilə keçirilib. Hakim apellyasiya şikayətini təmin etməyib, Pərviz Həşimlinin 8 il müddətinə azadlıqdan məhrum edilməsi haqda Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı qərarı qüvvədə saxlayıb.

Vəkil Bəhruz Bayramov apellyasiya instansiyasının bu qərarından Ali Məhkəməyə kassasiya şikayəti verəcəklərini söyləyib.

Hazırda Pərviz Həşimli Bakı İstintaq Təcridxanasında saxlanır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol