Rusiyanın ikinci ən böyük neft şirkəti “LUKOIL” elan edib ki, o, ABŞ sanksiyalarından sonra öz xarici aktivlərini “Gunvor” adlı beynəlxalq əmtəə ticarət şirkətinə satmaq barədə təklifi qəbul edib.
“AzPolitika” Reuters” agentliyinə istinadla xəbər verir ki, bu, Ukrayna müharibəsinə görə tətbiq edilən Qərb sanksiyalarının nəticəsində Rusiya şirkətləri tərəfindən atılmış ən ciddi addımlardan biri sayılır.
Şirkətin açıqlamasında bildirilir ki, “LUKOIL” artıq “Lukoil International GmbH” adlı törəmə şirkətini - yəni xarici aktivləri idarə edən strukturunu satmaq barədə “Gunvor”un təklifini qəbul edib. “Əməliyyatın əsas şərtləri tərəflər arasında əvvəlcədən razılaşdırılıb. “LUKOIL” bu təklifi qəbul edərək digər potensial alıcılarla danışıqlardan imtina edib”, - şirkət bəyan edib.
Öz növbəsində “Gunvor” da “LUKOIL”in xarici aktivlərini almaqla bağlı danışıqların aparıldığını təsdiqləyib.
ABŞ Xəzinədarlığı “LUKOIL” və “Rosneft” ilə bütün əməliyyatların 21 noyabra qədər dayandırılması üçün şirkətlərə vaxt verib. “LUKOIL” bildirib ki, zərurət yaranarsa, tərəflər lisenziyanın müddətinin uzadılması üçün müraciət edəcəklər. Əməliyyatın həyata keçirilməsi ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisinin icazəsindən asılı olacaq.
“Gunvor” 2000-ci illərdə Rusiya neftinin ən böyük treyderi kimi tanınmışdı. O dövrdə şirkətin səhmdarlarından biri Prezident Vladimir Putinə yaxınlığı ilə tanınan Gennadi Timçenko idi. Timçenko 2014-cü ildə, Krımın ilhaqından sonra ABŞ sanksiyalarına məruz qalanda “Gunvor”dakı payını satmışdı.
Ukrayna müharibəsindən sonra artan neft və qaz qiymətləri fonunda “Gunvor”, “Vitol” və “Trafigura” kimi ticarət evləri böyük mənfəət əldə edib. Bu şirkətlər həmin gəlirləri neftayırma zavodları, elektrik stansiyaları və hətta külək enerjisi layihələrinin alınmasına yönəldiblər.
Hazırda “LUKOIL” dünya neft hasilatının təxminən 2%-ni təmin edir. Şirkətin ən iri xarici aktivlərindən biri İraqın “West Qurna-2” yatağıdır, o dünyanın ən böyük yataqlarından biri sayılır və “LUKOIL” orada 75% paya malikdir.
Bundan əlavə, şirkət Bolqarıstanda Balkanların ən böyük müəssisəsi olan “Lukoil Neftohim Burgas” zavoduna, Rumıniyada “Petrotel” neftayırma zavoduna da sahibdir.
“LUKOIL” həmçinin Macarıstan, Slovakiya və Türkiyəyə neft tədarük edir. Xüsusilə Azərbaycanın SOCAR dövlət şirkətinə məxsus STAR zavodu rus xammalından asılıdır.
Bundan başqa, şirkət Mərkəzi Asiya, Afrika və Latın Amerikasında da hasilat və satış layihələrinə malikdir.
Rasim
“AzPolitika.info”


Şərhlər
Otuz il öncə sosializmi ləğv edib, özəl formasiyaya prioritet vermiş əski SSRİ respublikaları əvvəlki tək hər hansı beynəlxalq sövdələşmə və çox baha başa gələn layihə, hərbi təcavüzlərə girişsələr də, əskidən özəl-kapital dövlətlər hər dollar, funtu itirməkdən çəkinir və ya yalnış qazanclı layihələrə qoşulurlar. Yeni Ağ Ev, D.Tramp da görük rüsumları və Nadir metallar müqaviləsi sanki, Ukraynaya Kremllə ortaq olub? Siyasət!