Venesuela hökuməti Rusiyadan, Çindən və İrandan hərbi radarların tədarükü və döyüş təyyarələrinin təmiri üçün yardım istəyib.
“The Washington Post” nəşrinin ABŞ hökumət sənədlərinə istinadən yaydığı məlumata görə, Karakas həmçinin Rusiyadan raketlər də tələb edə bilər.
ABŞ kəşfiyyatının məlumatına əsasən, Venesuela nəqliyyat naziri Ramon Selestino Velaskez oktyabrın ortalarında Moskvaya səfər edib və Prezident Nikolas Maduronun məktubunu Vladimir Putinə çatdırmalı idi.
Nəşrin iddiasına görə, Maduro Putindən ölkəsinin hava hücumundan müdafiə sisteminin gücləndirilməsi üçün kömək istəyib. Xüsusilə də Rusiyadan alınmış, lakin hazırda işlək vəziyyətdə olmayan döyüş təyyarələrinin bərpasına dəstək istənilib.
“The Washington Post”un yazdığına görə, Maduronun məktubunda rus təyyarələrinin Venesuela ordusunun əsas çəkindirmə vasitələrindən biri olduğu vurğulanır.
Bununla yanaşı, Çin lideri Si Cinpindən radar sistemlərinin tədarükünün sürətləndirilməsi, İrandan isə passiv kəşfiyyat vasitələri, GPS siqnalının pozucuları və pilotsuz uçuş aparatları (PUA) istənilib.
Məqalədə qeyd olunur ki, Moskva, Pekin və Tehranın Maduronun bu müraciətlərinə hansı cavabı verdiyi məlum deyil.
Bu addım ABŞ-nin Venesuela hökumətinə artan təzyiqləri fonunda atılıb.
Xatırladaq ki, “The Wall Street Journal” daha əvvəl yazmışdı: ABŞ ordusu Venesuelaya qarşı zərbə endirmək ehtimalını nəzərdən keçirir. Məqsəd həm narkoticarəti məhdudlaşdırmaq, həm də Maduronu hakimiyyətdən getməyə məcbur etməkdir.
Rasim
“AzPolitika.info”


Şərhlər