ABŞ-ın müdafiə naziri Pit Heqset Ukraynanın müttəfiqləri tərəfindən artıq ödənişi edilmiş “Patriot” hava hücumundan müdafiə sistemləri üçün böyük bir raket partiyasının göndərilməsinə hələ də razılıq verməyib.
Kiyev bu gecikmənin Vaşinqtonun Ukraynaya təzyiq göstərmək cəhdi ola biləcəyindən şübhələnir.
“AzPolitika” xəbər verir ki, bu barədə “The Kyiv Independent” nəşri Ukraynanın yüksək vəzifəli rəsmisinə və iki hərbçiyə istinadən məlumat yayıb.
Ukraynalı rəsmilərdən birinin sözlərinə görə, “Patriot” raketlərinin tədarükü ilə bağlı müqavilələr Heqsetin masasının üzərindədir, lakin o, sənədləri imzalamır. Həmin rəsmi müttəfiqlərin raketlərin pulunu artıq ödədiyini bildirib.
Digər yüksək vəzifəli ukraynalı rəsmisi isə tədarükü gözlənilən raket partiyasını “əhəmiyyətli” adlandırıb. Bununla belə, o, raketlərin dəqiq sayını açıqlamayıb. Həmsöhbətlər təhlükəsizlik səbəbindən Ukraynanın hazırda malik olduğu raket-ələkeçiricilərin ehtiyatı barədə də məlumat verməkdən imtina ediblər.
Nəşrin məlumatına görə, tədarükdəki gecikmə Rusiya ordusunun Ukraynanın mülki infrastrukturuna ballistik raketlərlə, demək olar ki, hər gün hücum etdiyi bir vaxta təsadüf edir. “Patriot” sistemləri isə bu raketlərin qarşısını almaq üçün Ukraynanın əsas müdafiə vasitələrindən biridir.
“CNN”-in məlumatına görə, ötən həftə Ukraynada “Patriot” raketlərinin çatışmazlığı yaşanıb. Bu səbəbdən Rusiyanın ölkəyə atdığı ballistik raketlərin demək olar ki, heç biri vurulmayıb.
Ukrayna Prezidenti Volodimir Zelenski də oktyabrın 19-da həyati əhəmiyyətli bəzi silah və avadanlıqların tədarükündə gecikmələrin olduğunu açıqlayıb və bu məsələdə ABŞ-ın müdafiə qurumuna işarə edib.
“Görünür, Ukraynaya dəstəyi yavaşlatmaq üçün hansısa siyasi qərar qəbul edilib. Biz nə baş verdiyini, niyə baş verdiyini və bütün bunların hara apardığını anlamaq istəyirik”, - deyə Zelenski senatorlara bildirib.
Bundan sonra Ukrayna lideri dövlət katibi Marko Rubio ilə telefonla danışıb. O, ballistik raket tutucuları, raket buraxılışı xəbərdarlıq sistemləri və “Starlink” peyk internet xidmətinə məhdudiyyətlər məsələsini qaldırdığını bildirib.
“The Kyiv Independent” yazır ki, Ukrayna “Patriot” sistemləri üçün raketləri bir neçə mənbədən əldə edir. Əsas kanallardan biri müttəfiqlərin Ukrayna üçün ABŞ istehsalı olan silahların alınmasını maliyyələşdirdiyi Prioritized Ukraine Requirements List (PURL) proqramıdır. Kiyev digər ölkələrin ehtiyatlarında olan raketləri əldə etmək imkanlarını da araşdırır.
Zelenskinin sözlərinə görə, ABŞ Ukraynaya ayda cəmi 12 ədəd “Patriot” raket-ələkeçiricisi verir.
NATO nümayəndəsi nəşrə bildirib ki, PURL proqramı çərçivəsində, o cümlədən hava hücumundan müdafiə vasitələrinin tədarükü davam edir. Alyansın digər nümayəndəsi ayrı-ayrı partiyaların gecikə biləcəyini etiraf etsə də, bunun siyasi səbəblərlə bağlı olması ehtimalını aşağı qiymətləndirib.
ABŞ hökumətinin nümayəndəsi isə ukraynalı tərəfin gecikmələrin siyasi səbəblərlə bağlı olması barədə iddialarını təkzib edib və onları yalan adlandırıb.
Nəşr yaranmış vəziyyəti Kiyevlə Vaşinqton arasında fikir ayrılıqlarının dərinləşməsi ilə əlaqələndirir. Gərginliyin səbəblərindən biri Ukraynanın Rusiya neft emalı zavodlarına endirdiyi zərbələrdir. ABŞ prezidenti Donald Tramp bu hücumları tənqid edib.
Beləliklə, raketlərin tədarükündəki gecikmələrin səbəbi ilə bağlı tərəflərin mövqeləri fərqlənir: Ukrayna rəsmiləri Vaşinqtonun siyasi təzyiq göstərmək ehtimalından şübhələnir, ABŞ tərəfi isə bu iddianı rədd edir.
Ancaq Donald Tramp özü son zamanlar dəfələrlə iddia edib ki, guya Zelenski müharibənin bitməsini istəmir. Dünənsə ABŞ Prezidenti danışıqlarda Zelenskinin başqası ilə “əvəz edilməsini” təklif edib: "Düzünü desəm, düşünürəm ki, Ukrayna adından başqasının danışıqlar aparmasının vaxtıdır. Biz Ukraynaya çox şey vermişik, onlar isə bizə heç nə verməyiblər, bunu unutmayın".
Rasim Əliyev
“AzPolitika.info”


Şərhlər