Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ dövlət katibi Marko Rubio ilə telefon danışığında Rusiya raketlərinin qarşısının alınması üçün raket-ələkeçiricilərin tədarükünü, Rusiyanın raket hücumları barədə erkən xəbərdarlıq sistemlərini və Starlink/Starshield peyk rabitə xidmətlərinə çıxış məsələsini müzakirə edib.
“AzPolitika” xəbər verir ki, Zelenski bu barədə özünün “Telegram” kanalında məlumat yayıb. O, danışığı konstruktiv adlandırıb və Ukraynanın Starlink/Starshield sistemlərinə çıxışının bərpa edilməsinin vacibliyini vurğulayıb.
Ukrayna Rusiyanın raket, pilotsuz uçuş aparatı və təyyarə hücumlarına qarşı müdafiədə ABŞ-nin kəşfiyyat məlumatlarından əhəmiyyətli dərəcədə asılıdır. Eyni zamanda, Ukrayna Silahlı Qüvvələri pilotsuz uçuş aparatlarının idarə olunması və hədəfə yönəldilməsi üçün peyk rabitəsindən istifadə edir.
Qərb mediasının məlumatına görə, Kiyevin iddiasına əsasən, son günlər peyk rabitəsinin imkanlarına müəyyən məhdudiyyətlər tətbiq edilib. Belə ki, saatda 160 kilometrdən yüksək sürətlə hərəkət edən aparatlarla bağlı məhdudiyyətlərin yarandığı bildirilir. Daha yüksək sürətlərdə işləməyə imkan verən hərbi rabitə paketi isə Starlink texnologiyasına əsaslanan Starshield sistemidir.
ABŞ dövlət katibi Marko Rubio daha əvvəl Starshield xidmətinin hazırda Ukrayna üçün əlçatan olmadığını, bu paketin Ukrayna tərəfindən necə istifadə oluna biləcəyinə dair müzakirələrin aparıldığını bildirmişdi.
Rubio, həmçinin ABŞ-ın “Starlink”in sürətini qəsdən məhdudlaşdırdığı barədə iddiaları rədd edib. Onun sözlərinə görə, məhdudiyyətlər səbəbi hələ müəyyənləşdirilməyən bir vəziyyət nəticəsində yaranıb, lakin hazırda xidmətin normal fəaliyyətinə qayıtmalı olduğu gözlənilir.
“Starlink-in sürətinin azaldılması barədə heç kim göstəriş verməyib”, – deyə Rubio bildirib.
Zelenski ilə Rubionun danışığı Ukraynanın hava hücumundan müdafiəsi üçün vacib olan silahların tədarükü ilə bağlı müzakirələrin davam etdiyi bir vaxta təsadüf edir.
“Washington Post” qəzetinin iddiasına görə, ABŞ müdafiə naziri Pit Heqset Avropa ölkələrinin silahlanmasında olan “Patriot” sistemləri üçün nəzərdə tutulan zenit raket-ələkeçiricilərinin Ukraynaya verilməsini gecikdirir. Bu məlumat ABŞ administrasiyasının Kiyevə dəstəyi ilə bağlı mübahisələri yenidən gündəmə gətirib.
ABŞ Nümayəndələr Palatasının Təxsisatlar Komitəsinin aparıcı demokrat üzvlərindən biri Roza DeLauro administrasiyanı kəskin tənqid edərək müdafiə raketlərinin Ukraynaya dərhal çatdırılmasını tələb edib.
Ukraynanın müdafiə ehtiyacları ilə bağlı bu mübahisələr Vaşinqtonla Kiyev arasında münasibətlərin gərginləşdiyi bir dövrdə baş verir. Mənbədə qeyd olunur ki, Tramp administrasiyasının addımları, o cümlədən Rusiya ilə bağlı “dizel sazişi” adlandırılan razılaşma ABŞ Konqresində həm demokratların, həm də respublikaçıların sərt reaksiyasına səbəb olub.
“AzPolitika.info”


Şərhlər