Menu

CƏNUBİ QAFQAZDA SÜLHÜN TALEYİ: Böyük güclərin hesabı ilə Azərbaycanın seçimi uzlaşırmı?

20.10.2026, 13:50
CƏNUBİ QAFQAZDA SÜLHÜN TALEYİ: Böyük güclərin hesabı ilə Azərbaycanın seçimi uzlaşırmı?

Cənubi Qafqazda hamı sülhdən danışır, amma hamının sülhdən gözləntisi fərqlidir. Bakı təhlükəsizliyini və suverenliyini möhkəmləndirmək, İrəvan regional manevr imkanlarını genişləndirmək, Ankara nəqliyyat bağlantılarını açmaq, Vaşinqton strateji mövqelərini gücləndirmək istəyir. Moskva ənənəvi təsir imkanlarını qorumağa, Tehran isə təhlükəsizlik maraqlarına toxuna biləcək dəyişikliklərin qarşısını almağa çalışır. Avropa üçün enerji, ticarət və alternativ nəqliyyat marşrutları önəmlidir.

Deməli, Cənubi Qafqazda sülh yalnız Bakı ilə İrəvan arasındakı münaqişənin başa çatması deyil. Söhbət həm də regionun gələcək qaydalarını kimin müəyyənləşdirəcəyindən, nəqliyyat xətlərinin hansı şərtlərlə işləyəcəyindən və iqtisadi imkanların siyasi nüfuza necə çevriləcəyindən gedir.

Böyük dövlətlərin öz maraqlarını düşünməsi təbiidir. Region ölkələri üçün əsas məsələ isə bu rəqabətdə müstəqil seçim imkanlarını qorumaqdır. Azərbaycanın vəzifəsi sülh prosesinin iştirakçısı olmaqla kifayətlənməmək, onun nəticələrini uzunmüddətli siyasi və iqtisadi üstünlüyə çevirməkdir.

Bakı üçün əsas sual sülhün kimə sərf etməsi deyil, sülhdən sonra Azərbaycanın hansı mövqedə olacağıdır.

Sülh sazişi: siyasi iradə və hüquqi təminatlar

Azərbaycanla Ermənistan arasında sülh sazişinin mətninin 2025-ci il avqustun 8-də Vaşinqtonda paraflanması mühüm siyasi mərhələ oldu. Həmin gün imzalanan Birgə Bəyannamədə kommunikasiyaların açılması, suverenliyə, ərazi bütövlüyünə və yurisdiksiyaya hörmət prinsipləri də əksini tapdı. Lakin paraflanmış saziş imzalanmış və qüvvəyə minmiş müqavilə demək deyil.

Bakı Ermənistan Konstitusiyası ilə bağlı məsələnin həllini sazişin imzalanması üçün vacib şərt sayır. İrəvanın yanaşması isə fərqlidir. Bu fikir ayrılığı göstərir ki, diplomatik nikbinlik hüquqi-siyasi problemlərin həllini əvəz etmir.

Azərbaycan üçün sülh ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı tanınması, sərhədlərin müəyyənləşdirilməsi və gələcək təhlükəsizlik risklərinin azaldılması deməkdir. Əsas məsələ əldə olunan razılaşmaların praktikada necə işləyəcəyidir.

Sülhün dayanıqlılığı, eyni zamanda, sərhəddə sabitlikdən, işlək kommunikasiya kanallarından və iqtisadi təmaslardan asılıdır. Hüquqi təminatlar olmadan əməkdaşlıq kövrək qala, iqtisadi maraqlar olmadan isə siyasi etimadın möhkəmlənməsi çətinləşə bilər.

Azərbaycanın məqsədi əldə edilmiş siyasi nəticələri hüquqi təminatlarla möhkəmləndirmək, iqtisadi imkanları isə milli maraqlara uyğun dəyərləndirməkdir.

Türkiyə-Ermənistan normallaşması: regional əməkdaşlığın yeni imkanları

Türkiyə-Ermənistan münasibətlərinin normallaşması ilk baxışdan Cənubi Qafqazda iqtisadi əlaqələrin genişlənməsinə və regional kommunikasiyaların inkişafına yeni imkanlar yarada bilər. Sərhədin açılması ticarətə, yükdaşımaların artmasına və regionun tranzit potensialının güclənməsinə töhfə verə bilər. Lakin Ermənistan Konstitusiyasında həm Azərbaycana, həm də Türkiyəyə ərazi iddiaları hələ də qalır. Bakı bu müddəaların çıxarılmasını tələb edir. Yekun sülh sazişi imzalana qədər Türkiyə-Ermənistan sərhədlərinin açılması sülh sazişinə də zərbə vura bilərdi.

Türkiyə-Ermənistan normallaşması Azərbaycan-Ermənistan sülh prosesini əvəz etmir. Bununla belə, regional proseslər bir-biri ilə əlaqəlidir. Kommunikasiyaların açılması sazişin imzalanmasına mane ola bilər. Azərbaycanın marağı bu imkanların ölkənin təhlükəsizliyinə, iqtisadi inkişafına və regional mövqeyinə xidmət etməsidir. Türkiyə ilə strateji koordinasiyanın davam etdirilməsi və qarşılıqlı faydaya əsaslanan əməkdaşlığın genişləndirilməsi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Lakin Bakının maraqları nəzərə alınmalıdır. Regional əməkdaşlığın genişlənməsi dövlətlərin suverenliyinə və qanuni maraqlarına hörmətlə uzlaşdıqda davamlı sülh üçün real zəmin yaranır.

Vaşinqtonun planı, Azərbaycanın maraqları

ABŞ-ın Cənubi Qafqaza marağı sülh vasitəçiliyi ilə məhdudlaşmır. Region enerji təhlükəsizliyi, Avrasiya nəqliyyat şəbəkələri və Şərq-Qərb ticarət marşrutları baxımından strateji əhəmiyyət daşıyır. Vaşinqtonun regional mövqelərini gücləndirmək istəyi də bu geniş geosiyasi kontekstdən kənarda deyil.

TRIPP layihəsi həmin baxımdan xüsusi əhəmiyyət daşıyır. Azərbaycanla Naxçıvan arasında Ermənistan ərazisindən keçəcək nəqliyyat bağlantısı regional ticarətə yeni imkanlar aça və Orta Dəhlizin əhəmiyyətini artıra bilər. Lakin marşrutun yaradılması ilə onun etibarlı və səmərəli işləməsi eyni məsələ deyil.

Layihənin idarəçiliyi, gömrük və sərhəd prosedurları, təhlükəsizlik mexanizmləri, eləcə də Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında maneəsiz əlaqənin təmin edilməsi onun real mahiyyətini müəyyənləşdirəcək.

2026-cı il yanvarın 13-də ABŞ və Ermənistan TRIPP üzrə icra çərçivəsini açıqlayıb, mayın 26-da isə layihə ilə bağlı strateji əməkdaşlıq çərçivə sazişini paraflayıb. Sənəddə Ermənistanın öz ərazisi üzərində suverenliyini, gömrük və sərhəd nəzarətini qoruması nəzərdə tutulur.

Bakı üçün əsas məsələ bu çərçivənin Azərbaycanla Naxçıvan arasında etibarlı və maneəsiz əlaqəni hansı mexanizmlərlə təmin edəcəyidir. Suverenliyə hörmətlə səmərəli tranzit bir-birinə zidd olmamalıdır. Bunun üçün siyasi bəyanatlardan əlavə, aydın prosedurlar və işlək təminatlar lazımdır.

Ermənistanın da tranzit layihəsindən iqtisadi fayda əldə etməsi mümkündür. Qarşılıqlı maraqların hüquqi mexanizmlərlə uzlaşdırılması layihəni mübahisə mənbəyindən regional əməkdaşlıq vasitəsinə çevirə bilər.

Vaşinqtonun iştirakı Bakıya əlavə diplomatik imkanlar yaradır, lakin milli maraqları müəyyənləşdirmək hüququnu əvəz etmir. Layihənin uğuru onun kim tərəfindən irəli sürülməsindən daha çox, hansı şərtlərlə həyata keçirilməsindən asılıdır.

Moskva və Tehran: fərqli hesablar, ortaq həssaslıq

Rusiya uzun müddət Cənubi Qafqazın əsas təsir mərkəzlərindən biri olub. Yeni nəqliyyat bağlantıları, ABŞ-ın diplomatik fəallığı və region dövlətlərinin müstəqil manevr imkanlarının genişlənməsi Moskvanın mövqeyinə təsir göstərə bilər. Bununla belə, Rusiyanın regional təsirinin avtomatik azalacağını düşünmək doğru olmaz. Coğrafiya, iqtisadi əlaqələr və təhlükəsizlik amilləri hələ də əhəmiyyətlidir.

İranın narahatlıqları isə daha çox sərhədlərin, nəqliyyat marşrutlarının və regional təhlükəsizlik balansının dəyişməsi ilə bağlıdır. Tehran Azərbaycanın tranzit imkanlarının genişlənməsini və regionda yeni xarici aktorların mövqelərinin möhkəmlənməsini öz maraqları baxımından qiymətləndirir.

Rusiya ilə İranın maraqları müəyyən məsələlərdə üst-üstə düşsə də, onların hesablarını eyniləşdirmək olmaz. Moskva ənənəvi təsir imkanlarını qorumağa, Tehran isə sərhəd təhlükəsizliyinə və geosiyasi mövqeyinə təsir edə biləcək dəyişiklikləri nəzarətdə saxlamağa çalışır.

Bakı üçün prinsip aydındır- qonşuların təhlükəsizlik narahatlıqlarını nəzərə almaq mümkündür, lakin bu narahatlıqlar Azərbaycanın suveren qərarlarına veto hüququ yaratmamalıdır.

İran ətrafında mümkün böhranlar da Azərbaycanın hesablamalarını mürəkkəbləşdirir. Qonşu ölkədə sabitliyin pozulması sərhəd təhlükəsizliyindən ticarətə, enerji bazarlarından nəqliyyata qədər müxtəlif sahələrdə gözlənilməz nəticələr doğura bilər. İranın zəifləməsini avtomatik olaraq Azərbaycanın güclənməsi kimi qiymətləndirmək yanlışdır.

Dövlətin gücü başqasının zəifləməsinə ümid bağlamaqla deyil, öz imkanlarını artırmaqla ölçülür. Azərbaycan üçün uzunmüddətli təhlükəsizlik qonşularla münasibətləri həm rəqabət, həm də qarşılıqlı maraqlar və sabitlik prinsipləri əsasında idarə etməyi tələb edir.

Sülhün əsl qalibi kim olacaq?

Cənubi Qafqazda hər bir böyük güc öz hesabını aparır. Türkiyə regional bağlantıların genişlənməsində, ABŞ strateji mövqelərinin möhkəmlənməsində, Rusiya ənənəvi təsir imkanlarının qorunmasında, İran təhlükəsizlik maraqlarının təmin edilməsində, Avropa isə enerji və ticarət əlaqələrinin şaxələndirilməsində maraqlıdır.

Bu maraqları vahid planın hissələri kimi təqdim etmək düzgün olmaz. Onlar bəzən üst-üstə düşür, bəzən toqquşur, bəzən də dəyişir. Regionun gələcəyi həm də Cənubi Qafqaz dövlətlərinin bu rəqabət şəraitində nə dərəcədə müstəqil qərar verə bilməsindən asılıdır.

Azərbaycan coğrafi mövqeyini, enerji resurslarını, nəqliyyat imkanlarını və diplomatik əlaqələrini uzunmüddətli siyasi və iqtisadi üstünlüklərə çevirməlidir. Çünki tranzit ölkəsi olmaqla tranzit imkanlarını gücə çevirmək eyni şey deyil. Coğrafiya üstünlük yaradır, amma onun real dəyərini infrastruktur, hüquqi təminatlar, iqtisadi əməkdaşlıq və müstəqil qərarvermə qabiliyyəti müəyyənləşdirir.

Azərbaycanın strateji hədəfi böyük dövlətlərin planlarında sadəcə iştirakçı olmaq deyil, regionun gələcəyi ilə bağlı qərarların formalaşmasında müstəqil söz sahibi olmaqdır. Bunun yolu Ermənistanla hüquqi təminatlara söykənən sülhdən, Türkiyə ilə strateji koordinasiyadan, ABŞ, Rusiya, İran və Avropa ilə milli maraqlara əsaslanan praqmatik münasibətlərdən keçir.

Heç bir tərəfdaşlıq Azərbaycanın qərarvermə imkanlarını məhdudlaşdırmamalı, heç bir iqtisadi layihə suverenlik məsələsini qeyri-müəyyən vəziyyətə salmamalıdır. Eyni zamanda, geosiyasi rəqabət əməkdaşlıq imkanlarını görməyə mane olmamalıdır. Güclü dövlət bütün risklərdən qaçan deyil, riskləri idarə edərək öz imkanlarını artırandır.

Cənubi Qafqazda sülhün taleyi yalnız Vaşinqtonda, Moskvada və ya Ankarada həll olunmur. Bakı ilə İrəvanın da məsuliyyəti var. Region ölkələri öz gələcəklərini yalnız kənar güclərin hesablarına bağlasalar, sülh geosiyasi rəqabətin alətinə çevrilə bilər. Öz maraqlarını hüquqi təminatlar və iqtisadi əməkdaşlıqla uzlaşdıra bilsələr, həmin rəqabət inkişaf imkanları da yarada bilər.

Sülhün əsl sınağı sənədin imzalanması ilə bitmir, əksinə, bundan sonra başlayır. Sərhədlərin necə qorunacağı, kommunikasiyaların hansı qaydalarla işləyəcəyi və iqtisadi əməkdaşlığın nə dərəcədə davamlı olacağı son nəticəni müəyyənləşdirəcək.

Azərbaycan üçün sülhün dəyəri konkret nəticələrlə ölçülməlidir: təhlükəsizlik, suverenlik, Naxçıvanla etibarlı əlaqə və iqtisadi inkişaf.

Cənubi Qafqazda əsas məsələ kimin sülh istəməsi deyil, sülhdən sonra yaranacaq düzənin qaydalarını kimin müəyyənləşdirəcəyidir. Azərbaycan üçün həlledici olan isə bu düzənin sadəcə iştirakçısı deyil, öz gələcəyini müəyyənləşdirən dövlətlərdən biri olmaqdır.

Azər Rəşidoğlu

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol