Siyasi təhlilçi Şahin Cəfərli Nyu-Yorkdakı mer seçkilərində sosialist meylli siyasətçi Zöhran Mamdaninin qələbəsini ABŞ siyasətində ciddi dönüş nöqtəsi kimi qiymətləndirib.
"AzPolitika"nın məlumatına görə, Ş.Cəfərli bildirib ki, Uqandada doğulmuş, hind əsilli, müsəlman və Fələstin aktivisti olan 34 yaşlı Mamdaninin 112 milyard dollarlıq büdcəyə malik şəhərə rəhbərlik etməsi “kapitalizmin mərkəzində sosial ədalət ideyalarının güclənməsi” anlamına gəlir.
Onun sözlərinə görə, Mamdaninin “zəngindən alıb yoxsula vermək” fəlsəfəsinə əsaslanan seçki platforması – pulsuz nəqliyyat, məktəbəqədər təhsil, sosial evlərin inşası, kirayə qiymətlərinə məhdudiyyət, ucuz ərzaq mağazaları və polis zorakılığının azaldılması kimi vədləri – əhalinin sosial dövlətə olan tələbatını aydın şəkildə göstərir.
“Əlbəttə, bu vədləri vermək asandır, amma həyata keçirmək çətin olacaq. Mamdaninin bunları reallaşdıra bilməsi həm onun şəxsi uğur hekayəsi, həm də ABŞ federal siyasətində sol cinahın mövqelərinin möhkəmlənməsi demək ola bilər”, – deyə Şahin Cəfərli vurğulayıb.

Təhlilçi qeyd edib ki, bu qələbə Demokrat Partiyasının proqressiv (sol) qanadının güclənməsini nümayiş etdirir. Onun fikrincə, Mamdani təkcə respublikaçıları və İsrail lobbilərini deyil, həm də demokrat elitasını – partiya daxilindəki isteblişmenti – məğlub edib:
“Ənənəvi demokrat liderlər sol axının qarşısını almaq və öz təsir imkanlarını qorumaq istəyirlər. Eyni zamanda, onlar respublikaçıların “kommunist islamçı mer” kimi təbliğat aparacağından və demokratları şeytanlaşdıracağından ehtiyat edirlər. Bu səbəbdən partiya rəhbərliyi Mamdaniyə soyuq yanaşdı”.
Cəfərli xatırladıb ki, Nümayəndələr Palatasının lideri Hakim Ceffris Mamdaniyə yalnız son anda dəstək açıqlayıb, Senat lideri Çak Şumer isə ümumiyyətlə, mövqe bildirməyib.
Siyasi təhlilçi vurğulayıb ki, Nyu-York kimi çoxmillətli şəhərdə 2 milyon yəhudi və 1 milyon müsəlmanın yaşadığı şəraitdə Mamdaninin həm solçu, həm də ultraortodoks yəhudilərdən səs qazanması mühüm sosial fenomen sayılır:
“O, həm də adətən seçkilərə laqeyd olan müsəlman elektoratını hərəkətə gətirdi və bu, ABŞ-də müsəlmanların siyasi fəallığının artdığını göstərir”.

Cəfərli əlavə edib ki, Mamdaninin qələbəsi ilə eyni vaxtda Virciniya və Nyu Cersi ştatlarında da demokrat qadın namizədlərin qalib gəlməsi, habelə Hindistan əsilli Qəzalə Firdövs Haşminin vitse-qubernator seçilməsi ABŞ siyasətində müsəlmanların və etnik azlıqların təmsilçiliyinin artması prosesini gücləndirir.
“Bu tendensiyanın gələcəkdə federal səviyyəyə proyeksiya olunması artıq qaçılmaz görünür”, – deyə o qeyd edib.
Kaliforniyada keçirilən referendum nəticəsində demokrat qubernator Gevin Nyusomun seçki dairələrinin xəritəsinin dəyişdirilməsi təklifinin qəbul edilməsini də xatırladan Cəfərli bunu “Texasda respublikaçıların atdığı oxşar addıma cavab” kimi dəyərləndirib.
Sonda təhlilçi bildirib ki, Donald Tramp demokratların bu qələbələrini “seçki bülletenlərində Tramp adının olmaması və Konqresdə büdcə böhranı (şatdaun)” ilə izah edib.
"AzPolitika.info"


Şərhlər