Gürcüstan Prokurorluğu ölkənin səkkiz tanınmış müxalif siyasətçisinə, o cümlədən həbsdə olan keçmiş prezident Mixeil Saakaşviliyə qarşı dövlət əleyhinə cinayət ittihamı irəli sürdüyünü açıqlayıb.
“AzPolitika” “Exo Kavkaza”ya istinadən xəbər verir ki, istintaq çərçivəsində Saakaşvili ilə yanaşı, “Strategiya Aqmaşenebeli” partiyasının sədri Georgi Vaşadze, keçmiş ədliyyə və təhsil naziri Nika Gvaramiya, “Vahid Milli Hərəkat”ın sabiq rəhbəri Niki Meliya, “Yeni Siyasi Mərkəz – Girçi” partiyasının lideri Zurab Caparidze və “Dəyişikliklər Koalisiyası”nın rəhbəri Elene Xoştariya da ittiham olunur.
Bundan başqa, bir müddət əvvəl əfv edilmiş “Lelo” partiyasının liderləri Mamuka Xazaradze və Badri Caparidze də eyni cinayət işi üzrə təqsirləndirilənlər siyahısına daxil edilib.
Gürcüstanın baş prokuroru Georgi Gvarakidzenin sözlərinə görə, iş Prokurorluq, Dövlət Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinin birgə araşdırması əsasında açılıb.
İstintaq orqanları müxalif siyasətçiləri sabotaj, xarici dövlətə düşmən fəaliyyətində yardım, konstitusiya quruluşunu zorakı yolla dəyişməyə çağırış və dövlət çevrilişinə cəhd kimi maddələrdə ittiham edir.
Rəsmi məlumatda bildirilir ki, bu şəxslər “Qərb ölkələrinə Gürcüstan rəsmilərinə və biznes dairələrinə qarşı sanksiyalar tətbiqində yardım etməkdə” və “ölkənin enerji və hərbi sektorları barədə gizli məlumat ötürməkdə” günahlandırılırlar.
İttihamlar Gürcüstan hökumətinin Ukrayna müharibəsi fonunda Rusiyaya qarşı sanksiyalardan imtina etməsi qərarı ilə əlaqələndirilir. Rəsmi Tbilisi neytral mövqeni qorumağa çalışsa da, müxalifət hakimiyyəti Moskva yönümlü siyasət aparmaqda tənqid edirdi.
Prokurorluğa görə, ən ağır cəza Zurab Caparidze, Georgi Vaşadze və Elene Xoştariyaya verilə bilər. Onlara “xarici dövlətə düşmən fəaliyyətində yardım” ittihamı irəli sürülüb ki, bu maddə 7 ildən 15 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Siyasi müşahidəçilər hesab edirlər ki, bu cinayət işi Gürcüstanda seçkilər ərəfəsində müxalifətə qarşı yeni təzyiq dalğasının başlanğıcı ola bilər. Beynəlxalq təşkilatlar isə Tbilisidən prosesi şəffaf və hüquqi normalara uyğun şəkildə aparmağı tələb ediblər.
“AzPolitika.info”


Şərhlər
Hemişe zindana dönübdür Veten özünün en böyük Öğullarına.