Menu

Çexiya parlamentinin yeni spikerinin qərarı etiraz doğurdu - Ukrayna bayrağı ilə bağlı

07.11.2025, 14:05
Çexiya parlamentinin yeni spikerinin qərarı etiraz doğurdu - Ukrayna bayrağı ilə bağlı

Çexiya Deputatlar Palatasının yeni sədri, sağ-populist “Azadlıq və birbaşa demokratiya” (SPD) partiyasının lideri Tomio Okamura parlament binasından Ukrayna bayrağının endirilməsini əmr edib. O, yayımladığı videoda “Çexiya Respublikası birinci yerdədir” deyə bildirib.

Okamura uzun müddətdir dövlət binalarında Ukrayna bayraqlarının asılmasını tənqid edir və seçkilər ərəfəsində bunların yığışdırılacağına söz vermişdi. Bayrağın endirilməsi onun spiker kimi ilk iş günündə – noyabrın 5-də baş verib.

Bu addım ölkədə etirazlara səbəb olub. Keçmiş hakim koalisiyanın üzvü olan Vətəndaş Demokrat Partiyasının (ODS) deputatları cavab olaraq ofislərinin pəncərələrinə Ukrayna bayraqları asıblar. Onlara “Starostlar və müstəqillər” (STAN) və “Pirates” partiyaları da qoşulub.

Keçmiş spiker Marketa Pekarova Adamova qərarı kəskin tənqid edərək bildirib: “Ukrayna bayrağı parlament binasında insanlıq və ədalətsiz müharibə ilə üzləşən bir millətə həmrəylik rəmzi idi.”

Tomio Okamuranın rəhbərlik etdiyi SPD immiqrasiya əleyhinə ritorikası ilə tanınır. Partiya oktyabr seçkilərində 7,78 faiz səs toplayaraq beşinci yer tutub. Həm SPD, həm də onun koalisiya tərəfdaşı “Avtomobilçilər” partiyası Ukraynaya dəstəyin davamına skeptik yanaşır.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol