Menu

Ədliyyə naziri vəzifədən kənarlaşdırıldı - Ukraynada korrupsiya qalmaqalı böyüyür

12.11.2025, 12:45
Ədliyyə naziri vəzifədən kənarlaşdırıldı - Ukraynada korrupsiya qalmaqalı böyüyür

Ukrayna hökuməti ədliyyə naziri German Qaluşenkonu vəzifələrinin icrasından kənarlaşdırmaq qərarı qəbul edib. Onun adı ölkənin energetika sahəsində korrupsiya faktları ilə bağlı Milli Antikorrupsiya Bürosunun (NABU) apardığı səs-küylü istintaqda hallanır.

Qaluşenko əvvəllər energetika naziri vəzifəsində çalışıb. O, açıqlamasında bildirib ki, “istintaq dövründə vəzifədən uzaqlaşdırılmaq sivil və düzgün addımdır”. Onu da vurğulayıb ki, özünü yalnız hüquqi müstəvidə müdafiə edəcək. Onun səlahiyyətlərini müvəqqəti olaraq Avropa inteqrasiyası məsələləri üzrə nazir müavini Lyudmila Suqak icra edəcək.

10 noyabrda NABU Qaluşenko və bir neçə digər şəxsə qarşı başladılmış cinayət işi çərçivəsində axtarışlar aparıb. İstintaq “Enerqoatom” korporasiyasında baş verən mümkün korrupsiya halları ilə bağlıdır. Bunun ardınca hökumət “Enerqoatom”un müşahidə şurasının səlahiyyətlərinə xitam verib.

Rəsmi olaraq Qaluşenkoya ittiham irəli sürülməyib. Yerli media yazır ki, hazırda istintaq çərçivəsində yeddi nəfər şübhəli şəxs kimi tanınıb. Onların arasında energetika nazirinin keçmiş müşaviri İqor Mironyuk (“Roket” ləqəbi ilə tanınır), “Enerqoatom”un təhlükəsizlik üzrə icraçı direktoru Dmitri Basov (“Tenor”) və təşkilatın daha dörd əməkdaşı var. Siyahıya həmçinin “Kvartal-95” studiyasının həmtəsisçisi, biznesmen Timur Mindiç (“Karlson”) də daxildir. Məlumata görə, Mindiç artıq Ukraynanı tərk edib.

Hadisə böyük rezonans doğurub, çünki bəzi media orqanları Mindiçi Prezident Volodimir Zelenskiyə yaxın şəxs kimi təqdim edirlər. Prezident Zelenski də 10 noyabr tarixli çıxışında bu istintaqa toxunaraq bildirib ki, günahı sübuta yetirilən hər kəs üçün cəza qaçılmaz olmalıdır.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol