Ermənistanın dövlət borcu 2018-ci ildən, yəni, Nikol Paşinyan hakimiyyətə gələndən bəri 80% artıb.
“AzPolitika” xəbər verir ki, erməni mediasının yazdığına görə, bunu Ermənistan Maliyyə naziri Vahe Ovannisyan parlamentdə büdcənin müzakirəsi zamanı müxalif deputatların borcla bağlı hesabat tələbinə cavab verərkən deyib.
Nazir müxalifətin tənqidlərinə cavab olaraq qeyd edib ki, borc artımı ikiqat deyil, cəmi 80 faizdir. Onun bu fikri təəccüb və ironiya ilə qarşılanıb. Çünki aradakı fərq cəmi 20 faizdir.
Eyni zamanda, nazir hökumətin borclanmasının artmasını əsaslandırmağa çalışıb. O deyib ki, əgər hökumət büdcə xərclərini azaldaraq 2018-ci il səviyyəsinə endirsəydi, borcu cəmi ilyarıma ödəyə bilərdi: "Biz bunu etmirik, çünki ehtiyaclarımız, eləcə də ambisiyalarımız bu dövrdə əhəmiyyətli dərəcədə dəyişib. Birdən 2018-ci ildən bəri yaranan dövlət borcunu ödəmək qərarına gəlsək, xərcləri 58% azaltmalı olacağıq".
O qeyd edib ki, bunun üçün xüsusilə müdafiə xərcləri 65%, təhsil 60%, sosial xərclər 54% və s. azaldılmalıdır. Bu isə hökumətin məqsəd və məramlarına qəti uyğun deyil.
Maliyyə naziri həmçinin qeyd edib ki, milli valyutada ifadə olunan borcun payı əhəmiyyətli dərəcədə artıb (19%-dən 50,8%-ə qədər) ki, bu da dövlət borcunun idarə olunması üçün müsbət göstəricidir. Ümumilikdə, o, struktur baxımından dövlət borcunun bu gün 2018-ci illə müqayisədə daha sabit olduğunu iddia edib.
“AzPolitika.info”


Şərhlər
Ümumi daxili məhsulu isə 2.3 dəfə artıb. Beləliklə, iqtisadiyyatın həcmində genişlənmə səviyyəsi borc artımını üstələyib. Primitiv şouya yox, analitikaya fikir vermək lazımdır.