Türkiyə Milli Müdafiə Nazirliyi Gürcüstanda qəzaya uğrayan və 20 hərbçinin şəhid olduğu C-130 tipli hərbi yük təyyarəsi ilə bağlı yeni qərar qəbul edib. 

Nazirlikdən verilən məlumata görə, C-130 təyyarələrinin uçuşları tədbir məqsədilə müvəqqəti olaraq dayandırılıb.

Nazirlik mənbələri bildiriblər ki, qəzaya uğrayan təyyarədə heyət üzvləri və təyyarənin texniki təchizatı olub, lakin sursat daşınmayıb.

MSB-də keçirilən həftəlik mətbuat brifinqindən sonra jurnalistlərin suallarını cavablandıran rəsmilər, qəza ilə bağlı yanlış məlumatların yayılmaması üçün rəsmi açıqlamalara diqqət yetirilməli olduğunu vurğulayıblar.

“Qəzaya uğrayan C-130 təyyarəmizlə bağlı dezinformasiya cəhdləri barədə cənab Prezident artıq açıqlama verib. Belə hallarda əvvəlcə axtarış-xilasetmə işləri aparılır, daha sonra şəhidlərin nəşinə çatdıqdan sonra psixoloji dəstək qrupları eyni vaxtda ailələrə məlumat verir”, -deyə bildirilib.

MSB bildirib ki, bu prosedur bütün oxşar hadisələrdə standart qayda kimi tətbiq olunur. Nazirlik ailələrin yaşadığı ağır emosional vəziyyəti nəzərə alaraq, şəhidlərin kimlik məlumatlarının ailələrə rəsmi məlumat verilmədən əvvəl paylaşılmadığını vurğulayıb:“Heç bir valideyn övladının, heç bir həyat yoldaşı əzizinin, heç bir övlad ata və ya anasının şəhid olduğunu sosial mediadan və ya televiziyadan öyrənməməlidir”.

Nazirlik həmçinin rəsmi açıqlamalar verilmədən əvvəl qəza ilə bağlı paylaşım edən sosial media hesabları barədə prokurorluğa şikayət ediləcəyini açıqlayıb.

"AzPolitika.info"