Menu

Korrupsiya qalmaqalı Zelenskini çətin vəziyyətə salıb – “The Washington Post”

14.11.2025, 18:05
Korrupsiya qalmaqalı Zelenskini çətin vəziyyətə salıb – “The Washington Post”

“The Washington Post” qəzeti yazıb ki, Ukrayna hökumətində üzə çıxan yeni korrupsiya qalmaqalı Avropa dövlətlərinin Kiyevə böyük həcmdə yeni maliyyə vəsaiti ayırması planlarına mənfi təsir göstərə, həmçinin ölkənin Avropa İttifaqına üzvlük perspektivini çətinləşdirə bilər.

Nəşr bildirib ki, qalmaqalda dövlətə məxsus atom energetikası şirkətinin adı və Ukrayna Prezidenti Vladimir Zelenskinin yaxın dostu, həmçinin keçmiş biznes tərəfdaşının iştirakı Avropada ciddi narahatlıq doğurub. Qeyd olunub ki, Avropa tərəfi ayırdığı pulların Rusiya təcavüzünə qarşı müdafiə məqsədi ilə deyil, mənimsənilməsi ehtimalından narahatdır.

Nəşrin məlumatına görə, Avropa İttifaqı ölkələri son dörd ilə yaxın davam edən müharibə dövründə Rusiya hücumları nəticəsində zərər görmüş Ukrayna energetikasına və infrastrukturuna milyardlarla avro sərmayə qoyub, üstəlik, silahlandırmaya da milyardlarla vəsait ayırıb.

Məhz buna görə də Avropa liderləri Kiyevin ciddi tədbirlər görməli olduğunu bildirir, eyni zamanda Ukraynanın müdafiəsinə dəstəyin davam etdiriləcəyini bəyan edirlər. Nəşr vurğulayıb ki, bu korrupsiya ifşalarının zamanlaması Zelenskinin Avropa dövlətlərinə yeni maliyyə paketi üçün müraciət etdiyi dövrə təsadüf etdiyindən, vəziyyət Kiyev üçün daha da həssasdır.

Almaniya kansleri Fridrix Mers deyib: “Biz gözləyirik ki, Ukrayna korrupsiyaya qarşı mübarizəni və daxili islahatları davam etdirəcək”.

Avropa Komissiyasının sözçüsü Giyom Mersye isə 13 noyabr tarixində bildirib ki, Aİ Kiyevdə aparılan istintaqı diqqətlə izləyir: “Ukrayna müstəqil antikorrupsiya qurumlarını qorumalı və energetika ilə bağlı bütün maliyyə dəstəyinin şəffaf idarə olunmasına təminat verməlidir”. Mersye əlavə edib ki, hələlik Aİ vəsaitlərinin təyinatı üzrə xərclənməməsinə dair “heç bir sübut yoxdur”.

Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallas “Reuters”-ə açıqlamasında qalmaqalı “son dərəcə təəssüf doğuran hal” adlandırıb və Kiyevin “bu məsələyə çox ciddi yanaşmalı olduğunu” qeyd edib.

Bununla belə, Avropa rəsmiləri bildiriblər ki, Rusiya hücumlarının davam etdiyi şəraitdə Ukraynaya dəstəkdən imtina etmək mümkün deyil, amma Kiyev korrupsiyanı kökündən aradan qaldırmalıdır.

Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Yermak bildirib ki, Vladimir Zelenski korrupsiyaya heç bir şəkildə bağlı deyil. Yermak deyib ki, məhz Prezident özü korrupsiya ilə mübarizə elan edib və tam sərbəst istintaqlara imkan yaradıb: “Zelenski prinsipial adamdır. Bəzi siyasi qüvvələr antikorrupsiya istintaqlarından hakimiyyəti gözdən salmaq üçün istifadə etməyə çalışır”, - deyə o qeyd edib.

Ukraynanın Baş naziri Yuliya Sviridenko isə açıqlayıb ki, ölkədə bütün dövlət şirkətlərində, o cümlədən energetika sahəsində geniş audit hazırlanır. O bildirib ki, müşahidə şuralarına xüsusilə satınalmalar üzrə fəaliyyətin yoxlanması tapşırılıb. Baş nazir əlavə edib ki, hökumət iki nazirin istefasına qərar verib, korrupsiya materiallarında adı keçənlərə sanksiya tətbiq ediləcək və “Enerqoatom”un yenidən qurulması prosesinə start verilib.

Rasim

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol