Menu

Qaraçuxurda yataqxana istilikdən məhrum edilib – “Azəristiliktəchizat” qəzalı binanın sakinlərindən nə istəyir?

18.11.2025, 13:54
Qaraçuxurda yataqxana istilikdən məhrum edilib – “Azəristiliktəchizat” qəzalı binanın sakinlərindən nə istəyir?

15 noyabr tarixindən ölkə üzrə istilik verilişinə başlanılsa da, Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi, Z. Şərifov küçəsi A/Y bina 24-də yaşayan sakinlərin hələ də yaşadıqları binaya istilik verilməyib.

Bu barədə bir qrup bina sakini “AzPolitika”-ya ünvanladıqları şikayət məktubunda bildiriblər.

Şikayət məktubunda qeyd olunur ki, 1980-ci ildə yataqxana kimi istifadəyə verilmiş və hazırda FHN tərəfindən rəsmi şəkildə qəzalı bina kimi qeydə alınmış tikilidə sakinlərin 90 faizi məcburi köçkündür. Bildirilir ki, bina sakinləri hər il olduğu kimi noyabr–aprel ayları üzrə istilik ödənişlərini vaxtında etsələr də, cari ildən istilik mövsümünün başlamasına rəğmən, binaya hələ də istilik verilməyib.

Sakinlərin sözlərinə görə, “Azəristiliktəchizat” ASC-nin əməkdaşları problemin səbəbi kimi “binada yalnız 10% ödəniş olmasını” göstərirlər. Üstəlik, buna baxmayaraq, istilik verilməsə belə, mövsümə görə yenə də aylıq ödənişin hesablanacağını bildirirlər. Bu isə sakinlərin kəskin narazılığına səbəb olub.

“Daha da acınacaqlısı odur ki, binada qaz xətti yoxdur, bütün məişət ehtiyacları elektrik enerjisi ilə ödənilir. Qəzalı vəziyyətdə olan binada həm qazsız, həm istiliksiz yaşamaq sakinlərin insanların səbrini tükəndirib”, - deyə şikayətdə bildirilir.

Bina sakini Hamlet Sədullayev bildirir ki, müvafiq qurum onlardan pul tələb etsə də, faktiki olaraq heç bir xidmət göstərilmir: “Bizdən pul tələb edirlər, amma xidmət göstərmirlər. Ödəniş edənlər var. Buna baxmayaraq, istilik verilmir. Binada qışda yaşamaq mümkün deyil. İstilik yoxdur, qaz yoxdur, bina qəzalıdır. Bu şəraitdə bizi bu şəkildə gözləməyə məcbur etmək nə hüquqa, nə də insanlığa sığmır”.

Sakinlər “Azəristiliktəchizat” ASC rəhbərliyini vəziyyətə dərhal reaksiya verməyi və istilik təchizatının bərpa edilməsini xahiş edirlər.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol