Menu

“İlin ən böyük hadisəsi Foqtsdan xilas olmağımızdır”

25.12.2014, 13:10
“İlin ən böyük hadisəsi Foqtsdan xilas olmağımızdır”

“Neftçi”nin sabiq baş məşqçisi Böyükağa Hacıyev sportpress.az saytına açıqlamasında 2014-cü ilin yekunları ilə bağlı danışıb. 

Məşqçi 2014-cü ilin ən böyük idman hadisəsi kimi millinin baş məşqçisi Berti Foqtsun istefasını qeyd edib: “Başa çatan il ərzində idmanımızın uğurları çox olub. Amma mənim üçün ən yaddaqalanı millinin baş məşqçisi Berti Foqtsun istefası oldu. Ən böyük hadisə Foqtsdan xilas olmağımızdır. 6 ildən çox müddətdə millidə işlədi. Nəticə olmasa da getmək istəmirdi. Nəhayət, bu il istəyimiz baş tutdu”.

Böyükağa Hacıyevin sözlərinə görə, Foqtsun getməsi artıq çoxları üçün real görünmürdü. Hamı düşünürdü ki, məğlubiyyətlərdən asılı olmayaraq alman məşqçi postunda qalacaq. Ona görə də almanın istefası 2014-cü ilin idman hadisələrindən sayılmalıdır.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun Azərbaycanda 2014-cü ilin məşqçisi seçilməsinə gəlincə isə Böyükağa Hacıyev bunun layiqli seçim olduğunu bildirib: “Qurbanın uğurlarına sevinməyə bilmərəm. Sevinirəm ki, qazandığım nəticələri məhz o təkrarladı, hətta yenilədi. Qoy hamı görsün ki, Azərbaycan məşqçiləri necə uğurla işləyir. Şadam ki, azərbaycanlı məşqçinin uğurlarını elə azərbaycanlı həmkarı yenilədi”.

Qeyd edək ki, “Qarabağ” Qurban Qurbanovun rəhbərliyi altında Avropa Liqasında 6 xal toplamaqla “Neftçi”nin nəticəsini yeniləyib. “Ağ-qaralar” Avroliqanın qrup mərhələsində 3 xal toplamışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol